Azərbaycan, Bakı, 13 may/ Trend , müxbir S.Ağayeva/ Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarının davam etdirilməsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır.
"Münaqişə edən tərəflərin prezidentlərinin görüşü üçün yaxşı imkanlar var və Rusiya bu görüşün təşkilinə yardım göstərməyə hazırdır", - Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov çərşənbə axşamı Bakıda, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşdə bildirib.
Dövlət Dumasının sədri Moskvanın tərəflərin Ermənistan-Azərbaycan münaqişəsi üzrə qəbul edilmiş istənilən qərarını dəstəkləyəcəyini bildirib.
İyunda Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Münaqişə edən tərəflərin rəhbərlərinin görüşünü onların iyunun 6-7-də keçiriləcək Sankt-Peterburq iqtisadi forumunda iştirakları çərçivəsində təşkil etmək planlaşdırılır.
İki ölkə XİN rəhbəri mayın 6-da Strasburqda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclası çərçivəsində bu barədə razılıq əldə ediblər. Bu barədə bazar ertəsi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə məlumat verib.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin fevralda keçirilən seçkilərdə Ermənistanın yeni prezidenti seçilmiş Serj Sarkisyanla ilk görüşü olacaq.
"Ermənistanın yeni hakimiyyəti ilə görüşdə onların münaqişənin nizamlanmasına nə dərəcədə hazır olduqları aydın olacaq", - nazir bildirib.
Münaqişə edən tərəflərin rəhbərlərinin qarşıdakı görüşündə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən verilmiş yazılı təkliflərin müzakirə ediləcəyi gözlənilir. Dağlıq Qarabağ probleminə dair təkliflər ötən il noyabrın 29-da Madriddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim edilib. Danışıqlar prosesi məxfi olduğundan həmin təkliflərin mahiyyəti mətbuata açıqlanmır.
ATƏT-in Minsk Qrupu həmsdərləri münaqişə tərəflərinə indiyədək üç təklif təqdim ediblər. Ermənistan bu təkliflərdən ikisini qəbul etməyib. Öz növbəsində Bakı, vasitəçilərin Dağlıq Qarabağda konfederativ dövlətin yaradılmasına dair təkliflərini qəbul etməyib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]