...

NATO Parlament Assambleyasının yay sessiyası başlayır

Siyasət Materials 23 May 2008 01:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/ Trend , müxbir İ.Əlizadə/ NATO Parlament Assambleyasının 54-cü yay sessiyası cümə günü Almaniyanın paytaxtı Berlində öz işinə başlayır. Azərbaycan parlamentinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, sessiya mayın 27-də başa çatacaq.

Məlumatda qeyd olunub ki, əvvəlcə komitələr səviyyəsində müzakirələr aparılacaq. Təhlükəsizliyin Mülki Ölçüsü komitəsində "Kosovo və Balkanlarda gələcək təhlükəsizlik", "Orta Asiyada demokratiya və təhlükəsizlik", "Enerji təhlükəsizliyi: əhəmiyyətli enerji resurslarının mühafizəsi", "Qara dəniz regionunda din və dövlət", müdafiə və təhlükəsizlik Komitəsində "NATO əməliyyatları: hazırkı prioritetlər və çıxarılmış nəticələr", "NATO üzvü olmayan ölkələrin NATO əməliyyatlarına töhfəsi", "Atlantik əməkdaşlıq üçün cari və gələcək imkanların prioritetləri", iqtisadiyyat və təhlükəsizlik Komitəsində "Əfqanıstanın iqtisadi rekonstruksiyası: inkişaf və təhlükəsizlik sahəsində əməkdaşlıq", "Hindistan iqtisadiyyatının yüksəlişi", "Yeni Rusiya iqtisadiyyatında bazar və dövlət", siyasi komitədə "NATO-nun gələcək siyasi gündəmi", "NATO-da hazırkı və gələcək tərəfdaşlıq", "İran: NATO-nun siyasi cəhətdən qoşulması üçün iş", elm və texnika Komitəsində "Qlobal nüvə təhlükəsinin azaldılması" məsələləri müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti sessiyada NATO-nun Dağlıq Qarabağ münaqişəsinə siyasi qiymət verməsi, Ermənistan tərəfindən işğal olunan ərazilərin yandırılması, mədəni-tarixi abidələrin dağıdılmasına qiymət verilməsi ilə bağlı məsələ qaldıracaqlar.

Tədbirdə 340 parlament üzvünün iştirak edəcəyi gözlənilir. Azərbaycanı sessiyada təmsil edəcək nümayəndə heyətinə birinci vitse-spiker Ziyafət Əsgərov rəhbərlik edir. Nümayəndə heyətinə Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Tahir Süleymanov və Məlahət Həsənova daxildirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti