...

İranın "Altılıq"a təqdim etdiyi təkliflər zərfi ciddi qəbul edilməyəcək – Trend News-un icmalçısı

Siyasət Materials 27 May 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir D.Xatınoğlu/ İranın "Altılıq" ölkələrinə (BMT Təhlükəsizlik Şurasının üzvləri) təqdim etdiyi təkliflər zərfinin konkret olmadığı üçün Qərb dövlətləri tərəfindən ciddi qəbul ediləcəyi ehtimal olunmur.

İranın XİN rəhbəri Mənuçehr Müttəkinin BMT-nin Baş katibi Pon gi Mona və "Altılıq" ölkələrinə (ABŞ, Çin, Fransa, Böyük Britaniya, Rusiya və Almaniya) təqdim etdiyi təkliflər zərfi iqtisadi, siyasi, təhlükəsizlik məsələləri və nüvə proqramını əhatə edir. İranın İRNA Agentliyinin mayın 22-də yaydığı məlumata əsasən, rəsmi Tehran bu təkliflərin Qərb tərəfindən ciddi qəbul olunmasına ümid edir.

İndiyədək ilk dəfədir ki, İran rəsmi şəkildə Qərb ölkələrinə təhlükəsizlik və xüsusilə də, nüvə proqramına dair təkliflər paketi təqdim edir. Müttəki iki ay bundan əvvəl Çində keçirilən Şanxay təşkilatının iclası (beş ölkənin - Çin, Rusiya, Qazaxıstan, Tacikistan və Qırğızıstanın təhlükəsizliklə bağlı müzakirəsi) ərəfəsində beynəlxalq problemlərin aradan qaldırılması üçün rəsmi Tehranın hazırladığı təklifləri tez bir zamanda bu iclasda Qərb ölkələrinə təqdim edəcəyini bildirmişdi. Lakin İran öz təkliflərinin təqdimatını iki ay gecikdirib. Çünki BMT Təhlükəsizlik Şurası da qarşılıqlı şəkildə öz təkliflərindən ibarət zərf hazırlayıb və rəsmi Tehran ilk öncə bu sənədlə tanış olmaq istəyib. TŞ-nin təkliflər sənədi yaxın zamanlarda Avropa Birliyi Şurasının xarici siyasət üzrə Komissarı Havyer Solananın Tehrana səfəri zamanı müzakirə olunacaq.

Britaniyanın XİN rəhbəri mayın əvvəlində "Altılıq" ölkələrinin Londonda keçirilən iclası zamanı bildirib ki, İrana iqtisadi imtiyazlar verilməsi barədə təkliflər hazırlanıb və bu sənəd kifayət qədər "ədalətli və maraqlıdır". Əslində, İran tərəfi bu təkliflərin nədən ibarət olduğunu dəqiqliklə öyrənmədən öz təkliflərini irəli sürməyə tələsmirdi. Qərb ilk tələb kimi İrandan uranın zənginləşdirilməsi planını dayandırmasını istəyir. Baxmayaraq ki, İran Qərbin bu təklifini "qırmızı xətti" keçmək kimi dəyərləndirərək rədd edib.

İranın təkliflər zərfində qeyri-dəqiq və qeyri-şəffaf təkliflər

Mayın 22-də İranın yerli mətbuatında Müttəkinin Bon gi Mona təqdim etdiyi təkliflər zərfinin detalları dərc olunub. Əslində, təkliflər bir neçə istiqamətdədir. Birinci bənddə terrorizmlə mübarizə, dünyada, xüsusilə də Yaxın Şərq, Afrika, Balkan regionlarında təhlükəsizliyin təmin edilməsi və narkotik maddələrlə mübarizə məsələlərinə toxunulub.

Müttəki bildirib ki, İran bu sahədə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığa hazırdır. Əsas problem, İranla Qərbin "Həmas", "Hizbullah" kimi təşkilatlara fərqli münasibət göstərməsindədir. Qərb bu qurumların terrorçu təşkilatlar olduğunu bildirir, İran isə bunu qəbul etmir. İran təkliflər zərfində İsrailə daha qabarıq və aqressiv şəkildə "hücuma keçməsə" də, Fələstin probleminin həllində iştirak etməyə hazır olduğunu bildirib. Lakin nə Fələstinin, nə də İsrailin bu vasitəçiliyə razılıq verəcəkləri ehtimal edilmir.

Təkliflər sənədinin ikinci bəndində İran dünya miqyasında həyata keçirilən iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması ilə bağlı layihələrdə fəal iştirak etməyə hazır olduğunu bildirir. BMT Təhlükəsizlik Şurası indiyədək İranın nüvə proqramının əleyhinə dörd Qətnamə qəbul edib və bir sıra dünya dövlətləri rəsmi Tehrana qarşı tətbiq olunan iqtisadi sanksiyalara qoşulublar. İran beynəlxalq maliyyə sistemindən təcrid olunub. İrana tətbiq olunan iqtisadi sanksiyalar ləğv olunsa da, rəsmi Tehranın yaxın gələcəkdə beynəlxalq iqtisadi şəbəkəyə yenidən qoşulması hələ mümkun deyil.

İranın iqtisadi təkliflərində əsas problem ondan ibarətdir ki, bu təkliflər Qərb üçün minimum əhəmiyyət kəsb edir.

Tehranın təkliflər zərfinin sonunda çox qısa və yenə də qeyri-şəffaf şəkildə nüvə məsələsinə toxunulur. İran bildirib ki, dünyada nüvə silahının yayılmasının qarşısının alınması, dinc məqsədlər üçün nüvə enerjisinin istehsalı, hər hansı bir ölkədə, həmçinin İranda beynəlxalq nüvə konsersiumunun əldə olunması üçün dünya dövlətləri ilə əməkdaşlığa hazırdır. Qərbin İranla nüvə proqramına dair problemi Tehranın irəli sürdüyü bu təkliflərlə bağlı deyil. Bu təkliflərin Qərb tərəfindən qəbul olunması ehtimalı sıfıra bərbərdir, baxmayaraq ki, Almaniyanın XİN rəhbəri Frank Ştaynmayer bu təkliflərin müzakirə üçün maraqlı mövzu olduğunu bildirib. Lakin İranın təkliflərinin razılıqla qarşılanacağı barədə heç bir zəmanət yoxdur.

Qərbin İrana təklifləri

Solana Qərbin təkliflər zərfini yaxın gələcəkdə Tehrana səfəri zamanı İranla rəsmən müzakirə edəcək. Yəqin ki, komissarın İrana səfəri yalnız bu zərfi rəsmən təqdim etmək məqsədi daşımır, Solana təkliflər İran tərəfindən rədd olunacağı təqdirdə, bunun mənfi nəticələr yaradacağını da diqqətə çatdıracaq. Qərbin təkliflər zərfinin detalları hələlik açılmasa da, bu zərfdə iki məsələyə dair konkret proqnoz vermək olar. Birincisi, İrandan uranın zənginləşdirilməsi planının dayandırılması tələb olunacaq. İran tərəfi isə bu barədə müzakirə belə aparmayacağını dəfələrlə bəyan edib.

Digər məsələ İrana təhlükəsizlik zəmanətinin verilməməsi ilə bağlı olacaq. Keçən həftə Rusiyanın XİN rəhbəri Sergey Lavrov almaniyalı həmkarı Ştaynmayer ilə görüşündə, ABŞ-ın İrana təhlükəsizliklə bağlı təminat verməsinin vacibliyini vurğulamışdı. Lakin rəsmi Vaşinqton bu təkilfi rədd etdi. İranın ən böyük qorxusu ABŞ tərəfindən təhlükəsizliyə dair təminatın verilməməsi ilə bağlıdır. Bu faktlara əsasən, İranın da Qərbin təkliflərinə ciddi yanaşacağı ehtimal olunmur. Hər halda, İran təkliflərini irəli sürərkən də öz nüvə planını davam etdirmək üçün vaxt qazanmağa çalışıb.

Ola bilsin ki, İsrail rəsmilərinin İranın nüvə planının yaxın gələcəkdə "qarşısıalınmaz bir prosesə" çevriləcəyi barədə iddiaları həqiqətən də gerçək olsun. İran isə əmin deyil ki, nüvə planını davam etdirmək üçün çox vaxt qazana biləcək. BMT Təhlükəsizlik Şurasının növbəti Qətnaməsindən sonra isə müharibə variantı artıq qaçılmaz olacaq.

Xəbər lenti

Xəbər lenti