Rusiya, Sankt-Peterburq, 06 iyun / Trend M.Quliyev/ ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza hesab edir ki, beynəlxalq vasitəçilər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə öz təkliflərini təkmilləşdirməlidirlər. "Təkliflər, ilk növbədə, hər iki tərəfin istəyi əsasında təkmilləşdirilməlidir", - deyə Brayza cümə günü Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün yekunu üzrə təşkil olunan brifinqdə bildirib.
Brayza Azərbaycan və Ermənistan prezidentləri İlahm Əliyev və Serj Sarkisyanın ilk görüşünün uğurlu keçdiyini bildirib.
Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, vasitəçilər tərəflərin narahatlığını nəzərə alaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirməyə hazırdırlar. Merzlyakov bildirib ki, bu səylər konkret nəticələrin əldə edilməsinə yönəldilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib ki, tərəflər sülh prosesi çərçivəsində danışıqları davam etdirməyə hazırdır və müzakirələr həmsədrlərin regiona təxminən iyunun sonlarına nəzərdə tutulan səfəri zamanı davam etdiriləcək. Onun sözlərinə görə, nizamlanma prosesinə yanaşma ilə tanışlıqdan sonra tərəflər birgə işi davam etdirəcəklər.
Cümə günü Sankt-Peterburqda İlham Əliyev ilə fevralda Ermənistan prezidenti seçilən Serj Sarkisyan arasında ilk görüş baş tutub. Görüş ilk olaraq həmsədrlərin iştirakı ilə, sonra isə təkbətək keçirilib. Prezidentlərin görüşündən bir gün əvvəl tərəflərin XİN başçıları da danışıqlar aparıb.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ,ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.