Azərbaycan, Lənkəran, 09 iyun/ Trend , müxbir P.Əliyeva/ Azərbaycanın müxalifət partiyalarının Lənkəran şəhər təşkilatları türk və müsəlman dünyasının ilk cümhuriyyətinin - Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin abidəsinin qoyulması məqsədilə rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Bu barədə Trend -a Müsavatın Lənkəran təşkilatının sədri Yadigar Sadıqov məlumat verib.
Müraciəti Müsavat, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi partiyalarının şəhər təşkilatları imzalayıblar.
Müraciətdə xatırladılır ki, ADR-in və onun banilərinin xatirəsini yad etmək üçün Lənkəranda heç bir guşə yoxdur. "Biz, siyasi partiyaların yerli təşkilatlarının sədrləri yuxarıda göstərilən məqamı, eləcə də ADR-in yaranmasında misilsiz xidmətləri olan Məhəmməd Əmin Rəsulzadənin 2009-cu ilin yanvarın 31-də 125 illik yubileyinin olacağını nəzərə alaraq Lənkəran şəhərində Rəsulzadəyə abidə qoyulması istiqamətində addımlar atmağınızı xahiş edirik. Diqqətinizə çatdırmaq istəyirik ki, əgər bu işlər üçün müvafiq vəsait yoxdursa, biz, imza edənlər ictimaiyyətin köməyi ilə maliyyə toplanmasını öhdəmizə götürür, Sizdən yalnız abidə üçün yer ayrılması haqqında sərəncam vermənizi istəyirik. Digər tərəfdən, Lənkəran şəhərinin küçələrindən birinin Cümhuriyyət küçəsi adlandırılması barədə sərəncam vermənizi də xahiş edirik" - deyə müraciətdə bildirilir.
Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]