...

Azərbaycanda hakimlərin pensiya təminatı ilə bağlı qanunvericilikdə ziddiyyətlər yaranıb

Siyasət Materials 9 İyun 2008 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Hakimlərin pensiya təminatı ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər müəyyən məhdudlaşdırmalar yaratdığı üçün Ali Məhkəmə Konstitusiya Məhkəməsinə sorğu verib.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəyev bazar ertəsi Trend -a bildirib ki, sorğuda "Məhkəmələr və hakimlər haqqında" qanunun 109-cu, "Konstitusiya Məhkəməsi haqqında" qanunun 73-cü və "Əmək pensiyaları haqqında" qanunun 20.1.4 və 20.7-ci maddələrinin şərh olunması xahiş olunur.

Hakimin sözlərinə görə, qeyd olunan maddələrdə göstərilir ki, hakim pensiyaya çıxdıqda işləyən hakimlərin aldığı əmək haqqının 80 faizi məbləğində pensiya almalıdır.

Qanunvericiliyə olunan sonrakı dəyişikliklərdə isə pensiyaya çıxan hakimin pensiyasının məbləği onun iş stajına görə müəyyən edilib.

"Əvvəlki qanunvericilikdə staj nəzərə alınmırdı. Sonradan stajın nəzərə alınması məhdudiyyətlər və qanunvericilikdə ziddiyyət yaradır",-deyə Mirzəyev vurğulayıb.

Konstitusiya Məhkəməsi iyunun 10-da Ali Məhkəmənin sorğusuna baxacaq.

Azərbaycanda hazırda 327 hakim fəaliyyət göstərir. Vakant hakim yerlərinin sayı isə 200-dən artıqdır.

Azərbaycanda hakimlər ömürlük seçilir. Hakimin pensiya yaşı 65 yaş müəyyən edilib. Müstəsna hallarda bu müddət 70 yaşadək artırıla bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti