...

Qadınların statusu nə qədər aşağı olarsa, cəmiyyətdə bir o qədər çox problem olar - Leyla Əliyeva

Siyasət Materials 10 İyun 2008 12:08 (UTC +04:00)
Qadınların statusu nə qədər aşağı olarsa, cəmiyyətdə bir o qədər çox problem olar - Leyla Əliyeva

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir S.Ağayeva/ "Mədəniyyətlərarası dialoqda qadınların rolunun möhkəmləndirilməsi" adlı beynəlxalq forumun Bakıda, Qərblə Şərq arasında mədəniyyətlərarası dialoqun əsasını qoyan bir ölkənin paytaxtında keçirilməsi simvolikdir. Bu barədə çərşənbə axşamı İslam Konfransı Təşkilatının Mədəniyyətlərarası Dialoq üzrə Gənclər Forumunun (İKTGF) koordinatoru Leyla Əliyeva bildirib.  

Polşa, Latviya, Anqola, Cənubi Afrikanın birinci xanımları, Türkiyə Baş nazirinin həyat yoldaşı, Texas qubernatorunun həyat yoldaşı, Argentina vitse-prezidentinin həyat yoldaşı, Rusiya Federasiya Şurasının vitse-spikeri Azərbaycan paytaxtında keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun möhkəmləndirilməsi" adlı beynəlxalq forumda iştirak etmək üçün Bakıya səfərə gəliblər. Konfrans Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Forumun açılışında çıxış edən Leyla Əliyeva ilk olaraq Azərbaycanın müsəlman dünyasında qadınlara azadlıq verdiyini bildirərək, əlavə edib ki, bu gün qadınların rolu möhkəmlənməli və artmalıdır.

"Qadınların statusu nə qədər aşağı olarsa, cəmiyyətdə bir o qədər çox problem olar. Qadınların sosial-iqtisadi hüquqlarının gücləndirilməsi sülhün əldə edilməsini təmin edə bilər", - deyə o bildirib. 

Onun sözlərinə görə, 1400 il əvvəl islam qadınlara yaşamaq, həyat yoldaşı seçmək və s. hüquqlar verdiyi halda, digər sivilizasiyalarda qadınlar bu hüququ daha gec almışlar.

"İslam mədəniyyətində qadınlara verilən hüquqlar hər gün qərb mədəniyyətində əks olunan hüquqlar deyil və dünyaya daha düzgün informasyia təqdim etmək üçün İKT Gənclər Forumu digər təşkilatlarla sıx əməkdaşlıq edəcək, bu boşluğu aradan qaldıracaq", - deyə Leyla Əliyeva əlavə edib. 

İKT Gənclər Forumunun koordinatoru gələn il Bakıda gənc qadınlar üçün seminar keçirilməsini təklif edib.      

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti