Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Konstitusiya tərəfindən Böyük Millət Məclisinə verilmiş səlahiyyətləri heç kəs geri ala bilməz. "Qanun çıxarmaq səlahiyyəti Məclisə aiddir və bu səlahiyyəti heç kim onun əlindən ala bilməz" - deyə Ərdoğan çərşənbə axşamıTürkiyə parlamentində çıxışı zamanı bildirib.
Türkiyənin Konstitusiya Məhkəməsi qadınların dövlət və təhsil müəssisələrinə baş örtüyü ilə daxil olmasına şərait yaradan Konstitusiya dəyişikliyini iyunun altısında ləğv edib. Hakim Ədalət və İnkişaf Partiyası bunu parlamentin qərarlarına müdaxilə kimi qiymətləndirib.
""Mən etdim və oldu" anlayışı demokratik mühiti aradan qaldıra bilməz. Belə yanaşma demokratik, hüquqi dövlətin strukturunu pozur. Hər kəs hüququn üstünlüyünü, konstitusion qurumların səlahiyyətini şübhə altına salan işlərdən çəkinməlidir" - deyə Ərdoğan bildirib.
Baş nazir hesab edir ki, Türkiyədə heç kəs belə mübahisələrdən fayda ummamalıdır. "Türkiyəni hamılıqla bu "səlahiyyət qarşıdurmasından" çıxarmaq əzmindəyik" - deyən Baş nazir əlavə edib ki, Türkiyə müstəqilliyinin rəmzi olan Böyük Millət Məclisi üzərinə kölgə salınmasını heç vaxt qəbul etməyib.
Baş nazir Konstitusiya Məhkəməsindən öz qərarının izahını verməyi tələb edib. Türkiyənin 70 milyon əhalisinin olduğunu xatırladan Ərdoğan bildirib ki, heç bir vətəndaş unudulmamalı, təcrid edilməməli, ayrı-seçkiliyə məruz qalmamalıdır: "Hər kəsin hüququ qorunmalı, hər kəsin burada iradəsi ifadə olunmalıdır. Bu, iqtidar və müxalifət, siyasi partiyalar məsələsi deyil. Bu, Məclisə verilən səlahiyyətin qorunması, hüququn üstünlüyünə sadiq qalmaq məsələsidir" - deyə Ərdoğan qeyd edib.
Baş nazir "Türkiyənin şərəfi üçün mətanətlə millətin haqqını qoruyacağıq. Bir damın altında millətin iradəsini təmsil edəcək, birliyi, bərabərliyi müdafiə edəcəyik" - deyə fikirlərini ifadə edib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]