Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir S.Ağayeva/Azərbaycan prezidenti məşhur yazıçı Çingiz Aytmatovun vəfatı ilə əlaqədar Qırğızıstan prezidenti və xalqına başsağlığı verib.
"Dünya şöhrətli yazıçı, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Azərbaycan xalqının böyük dostu Çingiz Torekuloviç Aytmatovun vəfatı xəbəri məni dərindən kədərləndirdi", - Qırğızıstan prezidenti Kurmanbek Bakiyevə məktubda deyilir.
"Çingiz Aytmatovun bütün həyat və fəaliyyəti, onun bənzərsiz yaradıcılığı yüksək vətəndaşlıq, mənəviyyat və əxlaqi keyfiyyətlərlə seçilir. Öz əsərlərində zəmanəsinin ruhunu, reallıqlarını və adətlərini, insanın daxili aləminin bütün gözəlliyini və zənginliyini, onun ətraf aləm və təbiət ilə üzvi əlaqəsini dərindən, inandırıcı və yüksək istedadla əks etdirmiş böyük Söz Ustadı Çingiz Aytmatovun adı dünya ədəbiyyatının, dünya mədəniyyətinin xəzinəsinə həmişəlik daxil olmuşdur.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Çingiz Aytmatovun qohumlarına və yaxınlarına, bütün Qırğızıstan xalqına səmimi qəlbdən başsağlığı verirəm".
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]