Azərbaycan, Bakı, 13 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin tam demokratik şəraitdə keçiriləcəyi ehtimalı böyükdür. "İndiyə qədər iqtidar partiyasının namizədinin qələbə qazanmaq imkanı heç vaxt bu şəkildə yüksək olmayıb. Hesab edirəm ki, ona görə də iqtidar tam demokratik seçkinin keçirilməsində maraqlı olmalıdır", cümə günü Trend -a Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partiyasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
Şahbazov bildirib ki, ötən həftə Milli Məclisdə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra, bunu əsas gətirərək seçkinin qeyri-demokratik olacağını demək doğru deyil. "Azərbaycanda seçkilərin demokratik keçirilməsi Seçki Məcəlləsindən asılı deyil. Ən ideal Seçki Məcəlləsi ilə də seçkiləri saxtalaşdırmaq mümkündür. Əsas məsələ hakimiyyətin siyasi iradəsidir", - deyən Şahbazov düşünür ki, müxalifətin Seçki Məcəlləsini əsas gətirib, seçkiyə getməmək barədə bəyanatlar verməsi bəhanədən başqa bir şey deyil.
Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. Bu ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]