...

Azərbaycanın hakim partiyasi ABŞ səfirliyinin ayırdığı vəsaitlə bağlı araşdırmaya başlayıb

Siyasət Materials 18 İyun 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ABŞ səfirliyinin ölkədə keçiriləcək prezident seçkisinə ayırdığı vəsaitlə bağlı araşdırmaya başlayıb. "Biz hesab edirik ki, demokratiyanın inkişafında hər bir dövlət daxili imkanlarından istifadə etsə, daha ədalətli olar", çərşənbə günü jurnalistlərə YAP-ın sədr müavini və icraçı katibi Əli Əhmədov bildirib.

Trend -un arayışı: ABŞ-ın Azərbaycandakı səfirliyi prezident seçkisi ilə bağlı 3 mln. dollar məbləğində vəsait ayırıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Əhmədov deyib ki, YAP həmin vəsaitin hansı məqsədlər üçün xərclənəcəyi və hansı təşkilatların bu məbləğdən istifadə edəcəyi ilə bağlı ABŞ səfirliyinə sorğu göndərib. "Bizə verilən cavab, əgər bu səmimidirsə, ondan ibarət olub ki, həmin vəsait demokratiyanın inkişafına dəstək məqsədilə Qeyri-hökumət təşkilatlarına ayrılacaq", - YAP rəsmisi əlavə edib. Əhmədov hesab edir ki, Azərbaycanda demokratiyanın inkişafı ölkədən kənarda olan kimlərəsə yox, xalqa xidmət etməlidir. Bütün cəmiyyət çalışmalıdır ki, demokratiyanın inkişafı xalqın istəyi, onun malik olduğu resursların hesabına həyata keçirilsin. Kənardan müdaxilə ilə demokratiyanın inkişafı mümkün deyil.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti