...

Azərbaycanın hakim partiyası ABŞ konqresmenlərinə etiraz məktubu göndərib

Siyasət Materials 23 İyun 2008 15:17 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ABŞ konqresmenlərinə etiraz məktubu göndərib

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" mövzusunda keçirilmiş dinləmələr zamanı tutduğu mövqeyə görə bir qrup konqresmenə etiraz məktubu göndərib. Bu barədə bazar ertəsi Trend -a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Trend -un arayışı: ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ötən həftə "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" mövzusunda dinləmələr olub, muzakirələr zamanı Ermənistanın blokada şəraitində olduğu vurğulanıb.

ABŞ Konqresinin üzvlərindən cənab Novard Berman, Co Kllenberq, Bred Şermon, Adim Şif, Frank Pelloneyə ünvanlanmış məktubda qeyd olunub ki, dinləmələr zamanı ABŞ-la Azərbaycan arasında gündən-günə inkişaf edən strateji tərəfdaşlıq münasibətləri geniş və hərtərəfli şərh edilib, bu əlaqələrə yüksək qiymət verilib. "Lakin təəssüflər olsun ki, həmin dinləmələr zamanı sizin və bir neçə digər həmkarınızın etdiyi çıxışlar Azərbaycan ictimaiyyəti, eləcə də hakim Yeni Azərbaycan Partiyası tərəfindən etirazla qarşılanıb. Belə ki, çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə obyektiv qiymət verilməyib, həqiqətdən kənar fikirlər söylənilib" - məktubda bildirilib.

YAP etiraz məktubunda bildirib ki, Ermənistan heç bir blokada vəziyyətində deyil. Əksinə, bu dövlət hazırda davam edən təcavüzkar siyasəti ilə özünü bütün regional layihələrdən kənarda qoyub. " Əgər siz hər hansı bir blokada vəziyyətinə etiraz edirsinizsə, bu etirazları ilk növbədə Ermənistana yönəltməniz daha doğru və məntiqli olardı. Çünki məhz erməni təcavüzü nəticəsində Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşüb, Azərbaycanla torpaq yolla əlaqələri kəsilib. Hazırda Azərbaycanın Naxçıvanla əlaqələri yalnız hava nəqliyyatı vasitəsilə mümkündür" - məktubda bildirilib.

ABŞ konqresmenlərinin bundan sonra münaqişə ilə bağlı müzakirələrdə ədalətli mövqe nümayiş etdirəcəklərinə inam ifadə olunan məktubda qeyd olunub: "Ümidvarıq ki, Azərbaycan xalqının, həmçinin iqtidar partiyası olan YAP-ın bu etirazını qəbul edib, nəzərə alacaq, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinizi yenidən və daha obyektiv əsaslar üzərində müəyyənləşdirəcəksiniz".

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti