...

Ermənistanda baş verən qarşıdurma ilə bağlı hüquq-mühafizə orqanlarının apardıqları araşdırmalardan narahatam - Baş katib

Siyasət Materials 25 İyun 2008 14:46 (UTC +04:00)

Fransa, Strasburq, 25 iyun / Trend , müxbirlər A. Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurasının Baş katibi Terri Devis Ermənistanda keçirilən prezident seçkilərindən sonra nəticələrə etiraz edən müxalifət tərəfdarları ilə polis arasında baş verən qarşıdurmaya dair hüquq-mühafizə orqanlarının apardıqları araşdırmalardan narahatdır. "Məni Ermənistanda ciddi narahat edən məsələ - mart hadisələri zamanı həyatlarını itirmiş səkkiz insanın taleyi ilə bağlı polis orqanlarının apardıqları təhqiqatıdır", - deyə çərşənbə günü Strasburqda keçirdiyi mətbuat konfransında Avropa Şurasının Baş katibi Terri Devis bildirib.

Trend -un arayışı: Fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hakimiyyətin namizədi, o vaxtkı Baş nazir Serj Sarkisyanın 52,25% səs toplayaraq qalib gəldiyini açıqlayıb. Müxalifətin əsas namizədi olan eks-prezident Levon-Ter Petrosyanın tərəfdarları bununla razılaşmayaraq fasiləsiz aksiyalara başlayıblar. Dinc nümayişlər martın 1-dən 2-nə keçən gecə hüquq-mühafizə orqanları tərəfindən xüsusi qəddarlıqla dağıdılıb. On nəfər qətlə yeririlib, yüzlərlə adam yaralanıb və həbs olunub.

Baş katib Ermənistanda baş vermiş hadisələrlə bağlı yeni bir tədqiqatın aparılacağına şübhə ilə yanaşdığını bildirib. Baş katib bunu hadisələrlə bağlı xeyli təhqiqatın aparılması ilə izah edib.

"Mən Ermənistandakı dostlarımdan polis təhqiqatı ilə bağlı daim məlumatlar alıram. Bəziləri deyir ki, bunula bağlı təhqiqat komissiyası yaradılacaq. Lakin heç bir təhqiqat, heç bir parlament komissiyası polisi öz araşdırmalarını aparmaqdan azad etmir", - deyə Baş katib əlavə edib.

O bildirib ki, hər şeydən əvvəl polis baş vermiş ölüm hallarına aidiyyatı və məsul olanları, onları törətmiş insanları tapmalı və məsuliyyətə cəlb etməlidir: "Həmin insanlar layiq olduqları cəzaları almalıdırlar. Ermənistan hakimiyyəti mart hadisələri zamanı tutulan, ittiham və ya azad olunan insanlar haqqında danışanda, mən həlak olan insanların taleyini soruşuram. Mən eyni zamanda, mart hadisələri zamanı baş verən vandalizm, oğurluq hallarından da ciddi narahatam. Lakin əsas prioritet həlak olan insanların taleyidir. Demokratik bir cəmiyyətdə heç bir şey polis orqanlarını öz təhqiqatını aparmaqdan azad edə bilməz".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti