...

Azərbaycan demokratiya prinsiplərinə sadiq ölkədir - AŞPA prezidenti

Siyasət Materials 1 İyul 2008 03:06 (UTC +04:00)
Azərbaycan demokratiya prinsiplərinə sadiq ölkədir - AŞPA prezidenti

Azərbaycan, Bakı, 1 iyul / Trend müxbir İ.Əlizadə /Azərbaycan Avropa Şurası qarşısında demokratiya, qanunun aliliyi və insan haqları ilə bağlı götürdüyü öhdəliklərə sadiqdir. Trend agentliyinin verdiyi xəbərə görə, belə bir bəyanatla iyulun 1-də Bakıya üçgünlük səfərlə gələn Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Luis Mariya de Puç çıxış edib. Binə Hava Limanında jurnalistlərin suallarını cavablandıran Puç bildirib ki, səfərin məqsədi AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı qəbul edilən qətnamənin yerinə yetirilməsinə dair danışıqlar aparmaqdır.

"Azərbaycana səfərim xoşməramlı xarakter daşıyır. Mənim Azərbaycanda hər hansı təftiş aparmaq məqsədim yoxdur. Müvafiq qətnamənin yerinə yetirilməsi üçün Azərbaycana əlimdən gələni etmək istəyirəm", - deyə o vurğulayıb.

Puçun səfəri iyulun 3-dək davam edəcək.

Puç səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşməyi planlaşdırır.

AŞPA prezidenti Bakıda Azərbaycanın Parlament Assambleyasındakı nümayəndə heyəti, müxtəlif siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri, KİV və diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirəcək.

Puç onlarla xüsusillə Azərbaycanda demokratik institutların fəaliyyət göstərməsinə dair 1614 saylı Qətnaməyə (2008) münasibətdə həyata keçirilməli olan fəaliyyəti müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti