...

Türkiyədə növbədənkənar seçki keçirilməlidir - eks-prezident Süleyman Dəmirəl

Siyasət Materials 5 İyul 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyul / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl hesab edir ki, ölkədə yaranmış gərginliyi aradan qaldırmaq üçün növbədənkənar seçki keçirilməlidir. Bu barədə Türkiyənin "Xəbər-3" informasiya saytı məlumat yayıb.

Dəmirəl bildirib ki, Konstitusiya Məhkəməsi hakim partiyanın (Ədalət və İnkişaf Partiyası) bağlanması haqqında qərar çıxardıqdan sonra ölkədə yeni çaxnaşmalar başlayacaq.

"Türkiyənin seçki keçirməkdən başqa çarəsi yoxdur", - deyə Dəmirəl bildirib.

Onun fikrincə, parlamentdə 47 faiz səs çoxluğu ilə hakimiyyətə gələn AKP iqtidarın məsuliyyətini daşıyıb-daşımayacağına şübhələr yaratdı:

"AKP siyasi iqtidarın hər şey edə biləcəyini düşünür və Türkiyənin ayrı-ayrı strukturlardan ibarət dövlət olduğunu unudur. AKP bu strukturlar arasında bir ahəng yaratmaq əvəzinə, qurumlarla, universitetlərlə, məhkəmələrlə toqquşmaya getdi" - deyə Dəmirəl bildirib.

Eks-prezident hesab edir ki, AKP-nin universitetlərdə baş örtüyünə sərbəstlik verilməsi üçün Konstitusiyaya dəyişiklik etməyə cəhd göstərməsi də səhv hərəkət idi. AKP-nin bağlanması iddiası ilə bağlı isə hazırda Konstitusiya Məhkəməsində davam edən məhkəmə prosesinə münasibətini belə bildirib: "Məhkəmə hansı qərarı çıxarsa, Türkiyə o qərarı da qəbul etməlidir".

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti