...

Azərbaycanın Demokratik İslahatlar Partiyası prezident seçkisində iştirak formasını müəyyənləşdirib

Siyasət Materials 19 İyul 2008 13:06 (UTC +04:00)
Azərbaycanın Demokratik İslahatlar Partiyası prezident seçkisində iştirak formasını müəyyənləşdirib

Azərbaycan, Bakı, 19 iyul/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Demokratik İslahatlar Partiyası (DİP) builki prezident seçkisində iştirak formasını müəyyənləşdirib. "DİP prezident seçkisində müşahidəçi mövqeyi tutacaq və seçkinin demokratik keçirilməsi üçün mübarizə aparacaq", - deyə partiya sədri, millət vəkili Asim Mollazadə şənbə günü partiyanın Bakıda keçirilən II qurultayında bəyan edib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtidaryönlü Ana Vətən və Sosial Rifah partiyaları seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər. Müxalif Vəhdət və Tərəqqi partiyaları da İlham Əliyevi müdafiə etmək barədə qərar verəcəklərini bildiriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.

Mollazadənin sözlərinə görə, partiyanını Siyasi Şurasının prezident seçkisində iştirak etmək barədə qərarı var. "Hər bir siyasi partiya ən ağır şəraitdə belə seçkidə iştirak etməlidir. Seçkidən kənar qalan partiya, ilk növbədə özünün siyasi mövcudluğunu şübhə altına alır. DİP həmçinin özünü müxalifət adlandıran siyasi liderlər arasında dəstəyə layiq namizəd görmür", - deyə DİP sədri bildirib.

Onun sözlərinə görə, partiya həm daxildən, həm də xaricdən prezident seçkisinin müşahidəsini təşkil edəcək. "Seçkini daxildən müşahidə etmək üçün partiyanın böyük imkanları var. Xaricdən müşahidə aparmaq üçün partiya geniş beynəlxalq əlaqələrə malikdir. DİP beynəlxalq təşkilatlarla birgə paralel müşahidə aparacaq", - deyə Mollazadə bildirib.

Mollazadənin bildirdiyinə görə, partiyanın əsas fəaliyyəti 2010-cu il parlament seçkisinə yönəlib. "Partiya üçün əsas seçki parlament seçkisi olacaq. Hər bir dairədən partiyanın namizədinin mübarizəsi nəticəsində biz qanunverici hakimiyyət sistemində Azərbaycanda keçiriləcək islahatlara təkan verəcəyik", - deyə Mollazadə bildirib.

DİP-in II qurultayında partiya sədrliyinə seçki keçirilib. Sədrliyə namizədlər arasında səs çoxluğu ilə Mollazadə yenidən DİP-in sədri seçilib. Qurultayda həmçinin partiyanın Say, Mandat, Redaksiya komissiyalarına, Siyasi Şura və Təftiş Komissiyasına üzvlər seçilib.

Trend -un arayışı: Demokratik İslahatlar Partiyası (DİP) 2005-ci ildə təsis olunub. Məramnaməsini və fəaliyyət istiqamətlərini liberal dəyərlərin həyata keçirilməsi təşkil edir. Partiyanın sədri millət vəkili Asim Mollazadədir. Partiyanın I qurultayı 2005-ci il iyulun 4-də keçirilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: trend

Xəbər lenti

Xəbər lenti