...

Azərbaycanın müxalifət partiyası seçki ilə bağlı qərarının ləngiməsinin obyektiv səbəblərlə bağlı olduğunu iddia edib

Siyasət Materials 28 İyul 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Tr , müxbir E.Babayev/ Müxalifətdə olan Azərbaycan Demokrat Partiyasının (ADP) prezident seçkisi ilə bağlı qərarının ləngiməsi obyektiv səbəblərlə bağlıdır. "Mərkəzi Seçki Komissiyasının (MSK) seçkiyə start verilməsi ilə bağlı qərarının nə vaxt elan olunacağı və bu qərarın nə vaxt çap olunub hüquqi qüvvəyə minəcəyi məlum deyil", bazar ertəsi Trend -a ADP sədri Sərdar Cəlaloğlu deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. ADP Ali Məclisi bu il fevralın 16-da seçkidə iştirak qərarı verib və Cəlaloğlunun namizədliyini irəli sürüb. Bu il iyunun 2-də Milli Məclisdə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən narazı qalan ADP seçkidə iştirak qərarını müzakirəyə çıxarıb.

Cəlaloğlu xatırladıb ki, ADP-nin seçki ilə bağlı yekun qərarı avqustun 1-də Ali Məclisin iclasında verilməli idi. "Əvvəl MSK tərəfindən bildirilirdi ki, seçkiyə iyulun sonunda rəsmən start veriləcək. İndi bu məsələ ilə bağlı qeyri-müəyyənlik var. MSK seçkiyə 75 gün qalmış start vermək istəyir. Ali Məclisi çağırmaq üçün ən azı 3 gün vaxt lazımdır. Yəni Ali Məclisin iclasının vaxtı ilə bağlı yaranmış vəziyyət MSK-nın hələ seçkiyə start verməməsi ilə bağlıdır", - deyə Cəlaloğlu bildirib. O, avqustun 2-də seçki ilə bağlı yekun qərar verəcək müxalif Müsavat Partiyasının qərarının nədən ibarət olacağını gözlədiklərini və bu səbəbdən Ali Məclisin iclasının tarixini dəyişdirdikləri barədə iddiaları isə qəbul etməyib. Onun sözlərinə görə, Müsavatla ADP yaxın münasibətlərdə olsa da, bu partiyaların seçki ilə bağlı verəcəkləri qərarlarının bir-biri ilə əlaqəsi yoxdur. "Hakimiyyət qərarın nə vaxt veriləcəyini bilir, biz isə bilmirik. Ona görə də müxalifətdə qeyri-müəyyənlik var. Hazırda ADP-də seçkidə iştirak etməyin tərəfdarlarının sayı ilə seçkiyə getmək istəməyənlərin sayı demək olar ki, eynidir. Mən özüm də bu vəziyyətdəyəm", - deyə Cəlaloğlu əlavə edib.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti