Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentində heç bir siyasi partiyanı təmsil etməyən müstəqil deputatlar prezident seçkisində hazırki dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
"Aparılan müzakirələrdə səslənən yekdil fikir ondan ibarət olub ki, müstəqil deputatlar seçkidə prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər", çərşənbə günü Trend -a parlamentin müstəqil deputatı Jalə Əliyeva bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) hazırki prezident İlham Əliyevin namizədliyini irəli sürüb.
Azərbaycan parlamentinin 125 deputatı (iki yer boşdur) var. Onlardan 64 nəfəri hakim partiyanı təmsil edir. Parlamentdə 42 müstəqil deputat var. Müstəqil deputatlar Azərbaycanın Mərkəzi Seçki, dairə və məntəqə seçki komissiyalarının formalaşdırılmasında iştirak edirlər. Onların MSK-da beş nümayəndələri var.
Əliyeva hesab edir ki, Azərbaycan xalqı, o cümlədən müstəqil deputatlar artıq öz seçimlərini ediblər. Onun sözlərinə görə, müstəqil deputatlar bir necə dəfə öz aralarında prezident seçkisi məsələsini müzakirə ediblər. Müstəqil deputatların prezident seçkisi ilə bağlı mövqeləri üst-üstə düşür.
"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, müstəqil deputat Aydın Abbasov da Trend -a bildirib ki, prezident İlham Əliyevin namizədliyini dəstəkləyir.
"Azərbaycanda gedən iqtisadi inkişaf, sosial tərəqqi, ordunun güclənməsi və sabitliyə görə, hazırki hakimiyyətin namizədini dəstəkləyirəm. Eyni zamanda, seçimimdə prezident İlham Əliyevə olan şəxsi rəğbətim də rol oynayıb", - deyə Abbasov əlavə edib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü, müstəqil deputat Rafael Hüseynov da bildirib ki, prezident seçkisində hansı namizədi dəstəkləyəcəyini müəyyənləşdirib: "Mən prezident İlham Əliyevin namizədliyini dəstəkləyirəm və ona alternativ görmürəm".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]