Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir E.Babayev/ "Yeni Müsavat" qəzetinin baş redaktoru, Azərbaycanın müxalif Müsavat Partiyasının üzvü Rauf Arifoğlu partiyanı tərk etmək niyyətindədir.
"2010-cu ildə İsa Qəmbər partyanın rəhbərliyindən gedəcək və partiyanın Nizamnaməsi onun növbəti dəfə başqan olmasını istisna edir. Qəmbərdən başqa kimsənin başqan olduğu Müsavatda mənim qalmağım qeyri-mümkündür", bazar ertəsi Trend -a Arifoğlu bildirib.
Arifoğlu Müsavat Partiyasının oktyabrda keçiriləcək prezident seçkilərində iştirakdan imtina etməsindən narazı qalıb. Arifoğlu əvvəlcə seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirsə də, ötən həftə namizədliyini verməyəcəyi barədə yekun bəyanatla çıxış edib.
Arifoğlu deyib ki, o, Qəmbərin başqanlıqdan gedəcəyini nəzərə alaraq, həmin dövrə hazırlığını görməyə başlayıb. "Mən çevrəmdəki insanlarla, tərəfdarlarımla birgə bu perspektivə hazırlığımı görməliyəm və görürəm. Bunu açıq şəkildə bəyan edirəm və öz fikrimdə qalıram. İsa Qəmbərin başqan olmadığı Müsavat Partiyasından gedəcək adam tək mən olmayacağam", - deyən Arifoğlu bu mövzu ilə bağlı digər suallara şərh vermək istəməyib.
Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının III (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika Sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.
Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya 4 nəfər deputatla parlamentdə təmsil olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]