...

Əfqanıstanda sülhün təmin olunması üçün yeganə yol həmin ölkənin silahlı qüvvələrinin gücünün artırılmasıdır – Britaniyanın Baş naziri

Siyasət Materials 22 Avqust 2008 12:57 (UTC +04:00)

Əfqanıstan, Kabil, 22 avqust / Trend , A.Həkimi / Britaniyanın Baş naziri Qordon Braun cümə axşamı Əfqanıstann prezidenti Hamid Kərzailə görüşündə bildirib ki, ölkədə sülh və sabitliyi qorumaq üçün Əfqanıstan ordusunun sayı 120 min nəfərdən artıq olmalıdır. O, həmçinin təkidlə bildirib ki, yalnız ordunun və polis qüvvələrinin sayını artırmaqla ölkədə sülh və sabitliyi bərqərar etmək olar.

Britaniyanın Baş naziri Braun əlavə edib ki, Əfqanıstana yardımlarını davam etdirəcəklər: "Biz bu ölkədə ciddi islahatların aparılması və rüşvətin aradan qalxması istiqamətində çalışırıq".

O bildirib ki, Britaniya Əfqanıstanın təhsil sahəsinin inkişafı üçün 120 milyon dollar yardım ayırıb. Braun əlavə edib ki, bu məbləğ Əfqanıstan məktəblərində müəllimlərin aylıq maaşlarının ödənilməsi üçün nəzərdə tutulub.

Əfqanıstan prezidenti Kərzai Britaniyanı Əfqanıstanın yenidən qurulması prosesinə kömək edən əsas ölkələrdən biri adlandırıb.

Kərzai bildirib ki, İngiltərənin 7 min əsgəri Əfqanıstanın Helmənd vilayətində bu ölkənin təhlükəsizliyini qoruyur.

Helmənd Əfqanıstanın təhlükəli vilayətlərindən biridir. Dünyada ən çox narkotik bitkilər (53%) məhz bu vilayətdə əkilir.

Braun vəd edib ki, Əfqanıstan dövləti və xalqında inam yaratmaq üçün bu ölkənin təhlükəli vilayəti sayılan Helmənddə 17 milyon funt sərmayə yatıraraq radiostansiya yaradılmasında iştirak edəcəklər.

İngiltərənin Helmənd vilayətində yerləşən silahlı qüvvələri Taliban və Pakistan dövləti arasında müqavilə imzalandıqdan sonra Əfqanıstanda ən çox itki verib. Bu müqavilə Əfqanıstanda sabitliyi pozmuşdu. Müqaviləyə bəzi ölkələr də etirazını bildirmişdilər.

Son vaxtlar isə Hindistanın Əfqanıstandakı səfirliyində baş vermiş partlayışdan sonra dünya ictimaiyyəti Pakistan dövlətini terrorizmlə mübarizə sahəsində fəaliyyət göstərməməkdə ittiham etdilər.

Bəzi ABŞ rəsmiləri isə Pakistan Təhlükəsizlik Təşkilatının (ISI) Əfqanıstanda sabitliyin pozulmasında əli olduğunu bildirdilər.

Əfqanıstan prezidenti də ölkədəki sabitliyin pozulmasında Pakistanı ittiham edib.

Əfqanıstan prezidenti Kərzai Britaniya Baş naziri Braunla görüşündə bildirib ki, Əfqanıstan dünya ictimaiyyətinin dəstəyi və danışıqlar yolu ilə iki ölkə (Pakistan və Əfqanıstan) arasında sülh və təhlükəsizliyin yaradılmasına çalışır.

Kərzai Əfqanıstanın regionda sülhün təmin olunmasının tərəfdarı olduğunu vurğulayıb. O bildirib ki, Əfqanıstan terrorizmin yayılmasının qarşısını almaq və tamamilə məhv edilməsi üçün atılan hər bir addımı dəstəkləyir.

Əfqanıstan prezidenti daha sonra əlavə edib ki, Əfqanıstan ölkənin sabitliyini pozan terroristləri məhv etmək və yuvalarını dağıtmaq üçün onlara hücum etmək hüququna malikdir. Kərzainin bu sözləri Pakistan dövləti tərəfindən birmənalı qarşılanmayıb.

Braun da öz növbəsində bildirib ki, Pakistan ərazisində mövcud olan terroristlərin yuvaları bu ölkənin özü tərəfindən məhv edilməlidir. Braun hər iki ölkədə terroristlərin fəaliyyətinin qarşısının alınması və sabitliyin yaradılması üçün regional polis qruplarının təşkilinin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Pakistan bütün qüvvəsi ilə terroristlərin məhv edilməsinə çalışmalıdır.

Braun Əfqanıstan prezidenti ilə görüşündən öncə Helmənd vilayətinin yerli rəhbərləri və bu vilayətdə xidmət edən ingilis həbçiləri ilə görüşüb.

İngiltərə hazırda Əfqanıstanda xidmət edən hərbçilərinin sayını artırmaq niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti