...

Azərbaycanın müxalifət liderləri prioritetləri müəyyənləşdirə bilsələr, koalisiyadan danışmaq olar-partiya sədri

Siyasət Materials 29 Avqust 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir C.Babayeva/ Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikrincə, müxalifətin birlik təkliflərini irəli sürənlər onu fəaliyyətdə olan qüvvə kimi təqdim etməyə çalışırlar.

"Birliyin yaradılması ilə bağlı başqa siyasi partiyalarla danışıqlar aparılmır" - Cəlaloğlu cümə günü Trend -a bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Müxalifəti təmsil edən partiyaların əksəriyyəti seçkini boykot edir. "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı danışıqlara başlayıb. Bir necə partiya yeni birlikdə təmsil olunmağa razılıq verib.

Cəlaloğlunun sözlərinə görə, birliyin yaradılması istiqamətində müzakirələr aparılsa da, müzakirə subyektlərinin heç birinin fikrləri üst-üstə düşmür. "Müzakirə subyektlərinin hərəsi birliyi bir cür adlandırır. Faktiki olaraq müxalifətin koalisiya yaratmasından heç bir söhbət getmir və onun nə vaxt fəaliyyətə başlayacağı heç kəsə məlum deyil. Bu formada yaradılan birliyin nə ömrü, nə siyasi gücü, nə də nüfuzu olacaq. Bəziləri birliklə bağlı irəli sürdükləri müəyyən ideyaların yeganə olduğunu hesab edirlər. Həmin ideyaya tənqidi yanaşanlara həmin birlikdən kənarda qaldıqlarına görə bu cür yanaşdıqlarını bildirirlər",- deyə o bildirib.

Onun fikrincə, Azərbaycan xalqına müxalifətin birliyi deyil, birliyin məqsədi lazımdır. "Nə qədər ki, məqsəd aydınlaşdırılmayıb və ona aparan yollar düzgün müəyyənləşdirilməyib, birliyin heç bir xeyri olmayacaq. Bundan əvvəl də müxalifətin müxtəlif formatda birlikləri olub. Qısaömürlü olan həmin birliklər ölkənin siyasi həyatında həlledici rol oynamayıb",- deyə ADP sədri bildirib.

Cəlaloğlu Azərbaycan müxalifətinin güc mərkəzi kimi birliyin olmasını və müxalifət partiyalarının fəaliyyətinin əlaqələndirilməsini vacib hesab edir. "Bu cür mərkəz subyektiv ideya ətrafında yaradılmamalıdır. Müxalifət liderləri ölkədə və dünyada gedən prosesləri təhlil etməli, Azərbaycan üçün prioritet olan məsələləri, problemlərin həlli üçün ən optimal yolları müəyyən etməli, siyasi inkişafa nail olmağın yolları dəqiqləşdirilməlidir. Həmin mərkəzdə müxalifətdə keyfiyyət dəyişiklilklərini həyata keçirmək üçün təkliflər nəzərdən keçiriməlidir. Bunlar razılaşdırılandan sonra, hansısa birlikdən danışmaq olar",- deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti