Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Kubanın ölkəmizə yeni təyin olunan səfiri Marsello Kabalyero Torresi qəbul edib. Bu barədə çərşənbə axşamı Trend -a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Torres Kubanın Azərbaycanda səfirliyinin açılmasından bəri qısa müddətdə bir sıra işlərin görülməsini müsbət qiymətləndirib. Ölkəsinin iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasında və konkret nəticələrə tez bir zamanda nail olunmasında da maraqlı olduğunu diqqətə çatdıran səfir, Azərbaycandan neft və ərzaq məhsulları idxalının təşkilinin əhəmiyyətini vurğulayıb.
Nazir Elmar Məmmədyarov siyasi, iqtisadi sahələrdən başqa, humanitar müstəvidə əməkdaşlıq etmək, mədəniyyət günləri təşkil etmək, hər iki ictimaiyyəti qarşılıqlı məlumatlandırmaq kimi təşəbbüslərin zəruri olduğunu qeyd edib.
Görüşdə nazirliklərarası məsləhətləşmələr, hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə ediləcək məsələlər, diplomatik akademiyalar arasında əlaqələrin qurulması və diplomatların mübadiləsi məsələləri də nəzərdən keçirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]