Azərbaycan, Bakı, 10 sentyabr / Trend , K.Zərbalıyeva/ Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) oktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşühidə və "exitpoll" həyata keçirəcək.
Bu barədə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası (AVCİYA) çərşənbə günü Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
"Exitpoll"u "ELS" Müstəqil Araşdırmalar Mərkəzi keçirəcək. Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, "exitpoll" 125 dairədə 500 məntəqəni əhatə edəcək.
"Exitpoll" zamanı şəffaf qutulardan istifadə olunacağını deyən Yaqubova seçicilərin anonimliyinin qorunacağını, "exitpoll" məlumatlarının mütəmadi mərkəzi seçki qərərgahına ötürüləcəyini və səsvermə başa çatandan sonra, saat 8 radələrində "exitpoll"un nəticələrinin AVCİYA-nın saytında yerləşdiriləcəyini deyib.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi həmçinin "Quick-Count" tədqiqatını da aparacaq. Həmin tədqiqat səsvermənin nəticələri ilə "exitpoll"un nəticələrini müqayisə etməyə imkan verəcək.
Mərkəz "exitpoll" aparacaq 1000 nəfər intervüer üçün sabahdan etibarən bütün respublika ərazisində treyninqlərə başlayacaq.
AVCİYA-nın seçki qərərgahının sədri Məhərrəm Zülfüqarlı bildirib ki, seçkiləri müşahidəsini aparacaq müşahidəçilər üçün treyninq və seminarlar keçirilir və bu iş hazırda da davam etdirilir.
AVCİYA-nın müşahidəçilərinin 5 mindən artıq seçki məntəqəsində müşahidə aparacağını deyən Zülfüqarlı ilkin nəticələrin oktyabrın 16-da açıqlayacaqlarını bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.
21 nəfər prezidentliyə namizədliyini irəli sürüb və MSK-dan imza vərəqələri götürüb.
Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, "Yaşıl Siyasət" Təşəbbüs Qrupunun sədri Mais Güləliyev, şair Ağaevli Əli İsa, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli lazım olan 40 min imzanı toplayaraq, MSK-ya təqdim ediblər.
YAP-ın namizədi İlham Əliyev və Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyi MSK-nın ötən iclaslarında qeydə alınıb.
Yeddi nəfər imza vərəqələrini qaytarmayıb, dörd nəfər namizədliyini geri götürüb. Onlardan iki nəfərin namizədliyinə xitam verilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]