...

Bakıda meyiti tapılmış baş redaktorun "Mesanat" şirkətində çalışdığı müəyyənləşib

Siyasət Materials 19 Sentyabr 2008 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, Bakı, 19 sentyabr / Trend , K.Zərbalıyeva/ Bakıda meyiti asılı vəziyyətdə tapılmış "Yeni capital" qəzetinin baş redaktorunun qəsdən öldürülməsi ilə bağlı sübutlar aşkarlanmayıb.

Bakının Nəsimi rayon prokuroru Aqşin Ziyadov cümə günü Trend -a bildirib ki, hadisə yerinə keçirilən baxış və ilkin tibbi ekspertiza zamanı Malik Rəfiyevin özünü intihar etməsi barədə yetərli dəlillər toplanıb.

Sentyabrın 18-də Bakının Nəsimi rayonu ərazisində, dəmir yolu vağzalı yaxınlığında 1957-ci il təvəllüdlü Rəfiyevin meyiti şəxsi avtomobilində qapının üzərindəki tutacaqda ilgəkdən asılı vəziyyətdə tapılıb.

Mərhuma məxsus çantada onun tərəfindən yazılmış "Xahiş edirəm mənim ölümümdə heç kimi günahlandırmayın. Günahkar özüməm" məzmunlu məktub tapılıb.

Məlumata görə, mərhum özünü asmazdan öncə qollarının damarlarını kəsib.

Prokuror bildirib ki, ilkin araşdırmalar zamanı Rəfiyevin "Mesanat" adlı şirkətin mətbuat katibi olduğu, həmçinin onun bu şirkətin evlərinin alqı-satqısı ilə məşğul olduğu müəyyən olunub.

Ziyadov, Rəfiyevlə bu işlə bağlı münasibəti olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində işlər aparıldığını bildirib.

Prokuror mərhumun intiharının səbəbinin araşdırılması üçün müvafiq əməliyyat tədbirlərinin görüldüyünü deyib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə (125-ci maddə) cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti