Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , müxbir R.Novruzov/ MDB-nin icraçı katibi Sergey Lebedyev Azərbaycana səfər edəcək. "Lebedyev oktyabrın 12-13-də, Azərbaycanda keçiriləcək prezident seçkilərində MDB-nin müşahidəçi missiyasının rəhbəri qismində səfər edəcək", - deyə cümə günü Trend -a MDB-nin müşahidəçi missiyasının Bakıdakı qərargahının üzvü Mariya Qutsela məlumat verib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.
Qutsela bildirib ki, Lebedyev Bakıya MDB dövlət rəhbərlərinin oktyabrın 10-da Bişkekdə keçiriləcək görüşündən sonra səfər edəcək.
MDB-nin Azərbaycandakı missiyası öz fəaliyyətinə sentyabrın 17-də başlayıb və artıq ölkənin cənub bölgələrində olub. Müşahidəçilər Hacıqabul, Salyan və Lənkərana səfər ediblər. Onlar burada yerli hakimiyyət orqanları rəhbərləri ilə görüşlər keçirib və seçki məntəqələrinə baş çəkiblər. Qutsela bildirib ki, missiyanın ilkin rəyinə görə, qanuna uyğun azad və ədalətli sekilərin keçirilməsinə maraq var.
Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. 28 gün davam edəcək seçkiqabağı kampaniya sentyabrın 17-də başlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - trend