...

İsrail xalqı sionist rejiminin qəsbkar qoşunudur - İranın Ali dini rəhbəri

Siyasət Materials 19 Sentyabr 2008 16:33 (UTC +04:00)
İsrail xalqı sionist rejiminin qəsbkar qoşunudur - İranın Ali dini rəhbəri

Iranın Ali dini rəhbəri Əli Xamenei bildirib ki, İran İsrail xalqı ilə barışa bilməz. Xamenei cümə günü camaat namazında prezident Mahmud Əhmədinejadın müavini İsfəndyar Rəhim Məşainin İran-İsrail xalqları arasında dostluğün olması barədə verdiyi bəyanatı kəskin tənqid edib: "Bizim İsrail xalqı ilə dost olmağımız haqda səsləndirilən fikirlər ağlasığmazdır".

İranın Ali dini rəhbəri bildirib ki, İsrail xalqı Fələstində ticarət obyektlərini, əkin sahələrini və ümumiyyətlə bütün əraziləri ələ keçirmiş qəsbkardır: "Onlar sionist rejiminin qoşunlarıdır. Müsəlmanlar islamın düşmənlərinin əmrlərini yerinə yetirənlərə dost münasibət bəsləyə bilməz".

"Bizim yəhudilər, xristianlar və digər dinin nümayəndələri ilə heç bir problemimiz yoxdur, lakin Fələstin torpaqlarını işğal etmişlərə qarşı barışmaz olmalıyıq", - o əlavə edib.

Bir ay bundan öncə Məşai bildirmişdi ki, İran xalqı İsrail və Amerika xalqı ilə düşmən deyil. Bu bəyanat ölkə daxilində böyük səs-küyə səbəb olmuşdu.

Əhmədinejad sentyabrın 18-də keçirilən mətbuat konfransında Məşaini müdafiə edərək bildirmişdi ki, o, bu sözləri söyləyərkən İsrail xalqını deyil, İsraildə yaşayan ayrı-ayrı millətin nümayəndələrini və bura gəlmişləri nəzərdə tutub. "Sionist rejimi onları müxtəlif vədlərlə İsrailə gətirib, onların içində iranlı yəhudilər də var", - deyə İran prezidenti bildirib.

Mətbuat konfransından öncə isə parlamentin 75 nümayəndəsi Əhmədinejadın parlamentə çağırılmasını və Məşainin bəyanatına münasibət bildirməsini tələb etmişdi.

"Əgər biri səhvən belə bir fikir söyləyibsə, ona qarşı bu cür reaksiya göstərmək lazım deyil. Bu məsələyə son qoymaq lazımdır. Deyilən söz səhvən səsləndirilib. Mən hamıdan xahiş edirəm ki, belə kiçik məsələlərə görə qalmaqal yaratmasınlar", - Xamenei camaat namazında qeyd edib.

Xəbər lenti

Xəbər lenti