Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda prezidentliyə namizədliyi qeydə alınmamış Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mais Güləliyev elektoratını seçkidə iştirak etməməyə çağıracaq.
"Mərkəzi Seçki Komissiyasının namizədliyimin qeydə alınmaması ilə bağlı qərarından şikayətim oktyabrın 15-dək təmin olunmasa, partiya elektoratına prezident seçkisində iştirak etməməklə bağlı müraciət olunacaq", - deyə çərşənbə axşamı Trend -a AYP sədri Güləliyev bildirib.
Trend - un arayışı: Azərbaycanın Yaşıllar Partiyası 2007-ci ildə yaradılıb. AYP-nin Ali Məclisi partiyanın prezident seçkilərinə öz namizədi ilə qatılması barədə qərar qəbul edib. Ali Məclisin qərarına əsasən, Partyanın sədri Güləliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Partiya, namizədinin qeydə alınması üçün 44 mindən artıq imza toplayaraq, MSK-ya təqdim edib. MSK isə imzaları etibarsız hesab edərək, Güləliyevin namizədliyini qeydə almayıb.
Bakı Apellyasiya Məhkəməsi AYP-nin Mərkəzi Seçki Komissiyasının (MSK) qərarının ləğv olunması barədə şikayətini təmin etməyib.
Güləliyev bildirib ki, Apellyasiya Məhkəmsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verilib. "Ali Məhkəmə də Mərkəzi Seçki Komissiyasının qərəzli qərarını qüvvədə saxlasa, partiya Konstitusiya Məhkəməsinə müraciət edəcək", - deyə o bildirib.
Qanunun imkan verdiyi bütün müstəvilərdə MSK-nın qərarının ləğvinə çalışacaqlarını bildirən AYP sədri Avropa Məhkəməsinə qədər getmək niyyətində olduğunu qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]