Rusiyanın Türkiyədəki səfiri Vladimir İvanovski ABŞ gəmilərinin Qara dənizə daxil olmasının Rusiya-Türkiyə münasibətlərini pisləşdirməyəcəyini bildirib. Bu haqda Haber 7 agentliyi məlumat verib. Türkiyənin Ankaradakı fövqəladə və səlahiyyətli səfiri İvanovski Cənubi Osetiyadakı hərbi əməliyyatların və ABŞ hərbi gəmilərinin Qara dənizə daxil olmasının Rusiya-Türkiyə münasibətlərinə pis təsir etməyəcəyini bildirib. "Cənubi Osetiyadakı böhran Rusiya ilə Türkiyə arasındakı münasibətləri pisləşdirə bilməz. Gürcüstanın Cənubi Osetiyaya hücum etdiyi dövrdə də Rusiya Türkiyə ilə fasiləsiz əlaqə saxlayırdı. Üçüncü ölkələrin gəmilərinin Qara dənizə girməsi isə Montrö müqaviləsinə uyğun həyata keçirilir. Montrö müqaviləsi ilə bağlı Rusiyanın Türkiyə ilə problemi yoxdur. Həm Rusiya, həm də Türkiyə Montrö müqaviləsinin şərtlərinin qorunub saxlanmasında eyni fikirdədirlər. Türkiyə müqavilənin şərtlərinin yerinə yetirir", - deyə rus diplomatı bildirib.
Qara dənizdəki boğazların rejimi haqqında Montrö konfransı 1936-cı ilin iyunun 21-22-də İsveçrədə keçirilib. Konfransda SSRİ, Türkiyə, Böyük Britaniya, Fransa, Bolqarıstan, Rumıniya, Yunanıstan, keçmiş Yuqoslaviya, Avstraliya və Yaponiya iştirak edib. Montrö konfransı 1922-23-cü illərdə Lozanna konfransında Qara dəniz boğazları haqqında qəbul edilmiş rejimə yenidən baxılması məqsədilə Türkiyənin təklifi ilə çağırılıb. Konfransın qərarına əsasən, Türkiyə boğazların ərazisini hərbsizləşdimək hüququ əldə edib. Montrö konvensiyası Türkiyə tərəfini qabaqcadan məlumatlandırmaq şərti ilə Qara dəniz ölkələrinə öz hərbi gəmilərini sülh şəraitində boğazlardan keçirmək hüququ verir. Qara dəniz sahilində yerləşməyən ölkələrin gəmilərinin ölçülərinə isə xüsusi məhdudiyyətlər qoyulur. Türkiyəyə qarşı müharibə elan edildikdə və ya Türkiyəyə qarşı müharibə təhlükəsi olduqda Türkiyə boğazları bağlamaq hüququna malikdir. Türkiyənin iştirak etmədiyi müharibə zamanı Qara dəniz boğazları bütün vuruşan təfələrin gəmiləri üçün bağlanılmalıdır.