Azərbayan, Bakı, 03 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib ki, cümə günü bir qrup şəxs onunun rəhbərlik etdiyi siyasi təşkilatın mərkəzi qərərgahına hücum edib.
"Mən İctimai Televiziyada çıxış edən zaman bir necə məmurun rüşvət almaqla məşğul olduqlarını vətəndaşlara çatdırıram. Bizim qərargaha hücum edən şəxsləri adını çəkdiyim məmurlar göndəriblər" - cümə günü Trend -a Hacıyev bildirib.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.
Onun sözlərinə görə, bir qrup şəxs partiyanın qərargahının yerləşdiyi əraziyə gəlib və icəri daxil olmağa cəhd göstəriblər. Lakin qərargahın qapıçısı onların içəri daxil olmasına imkan verməyib: "Onlar "Hafiz Hacıyevə ölüm!" şüarı səsləndiriblər və məqsədləri məni öldürməkdir. Bu barədə bəzi xarici ölkələrin səfirlərinə də məlumat vermişəm. Lakin mən mövqeyimdən geri çəkilən deyiləm".
Prezidentliyə namizəd qeyd edib ki, hadisə ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət etməyi planlaşdırmır. O, bunu hüquq - mühafizə orqanlarına inanmaması ilə izah edib: "Öz adamlarımın hesabına təhlükəsizliyimi gücləndirmişəm".
Hafiz Hacıyev 1992 - 93 - cü illərdə "Azərbalıq" Dövlət Konserninin sədri olub. Əvvəl Azərbaycan Xalq Cəbhəsində, Müsavat Partiyasında təmsil olunub. 2000 - ci ildə Müasir Müsavat Partiyasını təsis edib, partiya 2002-ci ildə dövlət qeydiyyatından keçib.
Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]