Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda yeni yaradılacaq müxalifyönlü Aydınlar Partiyası bəyan edib ki, digər müxalifət partiyalarının fəallarının transferləri ilə bağlı məqsədli təbliğat aparılmır.
"Digər müxalifət partiyalarının funksionerlərinin və sıravi üzvlərinin keçməsi ilə bağlı biz heç bir xüsusi təbliğat aparmırıq", şənbə günü Trend -a Aydınlar Partiyası Təşəbbüs Qrupunun üzvü, prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli deyib.
Trend -un arayışı: Əlibəyli 1992-1993-cü ildə prezident Elçibəyin müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995-ci ildən 2005-ci ilədək iki dəfə ardıcıl olaraq Milli Məclisin deputatı seçilib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. O, 1989-cu ildən AXC-nin üzvü, 1993-cü ildən isə AXCP Ali Məclisinin sədri idi.
AXCP-nin Lənkəran, Samux və Qax rayon şöbələrinin sədrləri bu günlərdə istefa verərək Əlibəylinin seçki qərargahına qoşulublar. Onlar siyasi fəaliyyətlərini Aydınlar Partiyasında davam etdirəcəklərini açıqlayıblar.
Əlibəyli ayrı-ayrılıqda fərdləri yox, bütün Azərbaycan vətəndaşlarını yaranacaq yeni partiyaya üzv olmağa dəvət etdiklərini bildirib.
"AXCP-dən və digər müxalifət təşkilatlarından bizim partiyaya kimlərinsə keçmək niyyətinə gəldikdə, hesab edirəm ki, partiyaya daxil olmaq və çıxmaq sərbəstdir, bunu hər bir insan özü müəyyənləşdirir. Bizim hansısa partiyanın üzvünü dəvət etmək niyyətimiz yoxdur. Amma başqa partiyalardan bizim tərəfimizə keçmək istəyən heç kimi də qovmayacağıq", - Təşəbbüs Qrupunun üzvü bildirib.
Əlibəyli deyib ki, hazırda Təşəbbüs Qrupu partiyanın Məramnaməsi və Nizamnaməsini hazırlayır.
"Bu sənədlər yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Yerli təşkilatların formalaşdırılması prosesi ondan sonra başlanacaq", - Əlibəyli əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]