...

DTİHB Azərbaycanda seçkiqabağı vəziyyət haqqında hesabatı açıqlayıb

Siyasət Materials 6 Oktyabr 2008 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir C.Babayeva/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda seçkiqabağı vəziyyət haqqında ikinci hesabatını açıqlayıb.

Seçki kampaniyası sentyabrın 17-də başlayıb. Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə fəal hazırlığı davam etdirir və tez-tez görüşlər keçirir, DTİHB-in bazar ertəsi açıqlanan hesabatında bildirilir.

Dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarında boş yerlərin doldurulması prosesi davam etdirilir, ATƏT-in Azərbaycanda keçiriləcək prezident seçkilərində uzunmüddətli müşahidəçiləri tərəfindən hazırlanan sənəddə qeyd edilir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası, həmçinin Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 14-də keçiriləcək prezident seçkilərini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkilərindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

DTİHB Azərbaycanda seçkiqabağı vəziyyəti sakit adlandırır. "Ölkədə sakitlik hökm sürür. Yeni Azərbaycan partiyası (YAP) öz namizədi, hazırki prezident İlham Əliyevin namizədliyini müdafiə məqsədilə fəal təbliğat aparır", - hesabatda bildirilir.

DTİHB seçkilərə ictimai marağın məhdudluğunu rəqabətin yoxluğu kimi nəzərdən keçirir.

"Daha təvazökar şəkildə olsa da, digər namizədlərin də seçkiqabağı kampaniyası aparılır", DTİHB qeyd edir.

DTİHB Büro seçki məntəqələrinin indiyədək veb-kameralarla təchiz edilməməsi ilə bağlı narahatlığını da ifadə edir.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov əvvəllər jurnalistlərə bildirib ki, prezident seçkiləri günündə seçkilərin gedişini müşahidə etmək üçün seçki məntəqələrində müşahidə kameraları quraşdırılacaq.

MSK-nın sədri bildirib ki, kameralar respublikanın seçki məntəqələrinin 10 faizini əhatə edəcək. Onun sözlərinə görə, kameraların yardımı ilə seçki məntəqələrinin səsverməyə hazırlanmasından tərtib edilən protokolların axşam dairəyə göndərilməsinədək bütün proseslər müşahidə ediləcək. Kameralar internetə qoşulacaq və dünyanın istənilən ölkəsində Azərbaycanda prezident seçkilərinin gedişini izləmək mümkün olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti