...

AŞ PA, ATƏT və Avropa Parlamenti müşahidə missiyasının rəhbərləri Azərbaycanın müxalifətçi prezidentliyə namizədlərilə görüşüblər

Siyasət Materials 14 Oktyabr 2008 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / , müxbir A.Hüseynbala / Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə edəcək Avropa Şurası Parlament Assambleyası, ATƏT və Avropa Parlamentinin müşahidə missiyası bu gün müxalifətçi namizədlərlə görüşüb.

"Görüşdə müşahidə missiyası rəhbərləri seçki platforması barədə geniş məlumatlar alıblar", - çərşənbə axşamı Trend -a Azərbaycanın müxalifyönlü Böyük Quruluş Partiyasının (BQP) başqanı, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Prezident seçkisini 60-a yaxın ölkədən 1233 beynəlxalq müşahidəçi izləyəcək.

"Mən hakim partiyanın namizədi, indiki dövlət rəhbəri İlham Əliyevin namizədlər arasında alternativinin olmadığı haqda ATƏT-in bir müddət əvvəl açıqlanan hesabatındakı rəyə etirazımı bildirdim. AŞ PA missiyasının rəhbərinə mənim və İlham Əliyevin platformasını ingilis dilinə çevirib müqayisə etməyi təklif etdim", - Qəzənfəroğlu deyib.

Namizədliyi özü tərəfindən irəli sürülmüş Qulamhüseyn Əlibəyli isə Trend -a deyib ki, beynəlxəlq mühaşidəçilərlə görüşdə bəzi müxalifət partiyalarının boykot qərarı müzakirə edilib.

"Mənim rəyim ondan ibarət olub ki, bəzi müxalifət partiyalarının seçkini boykot etməsi onların hüququdur. Lakin onlara etiraz etdiyim üçün seçkilərdə iştirak edirəm", - Əlibəyli deyib.

Görüşdə iştirak edən müxalifətçi prezidentliyə namizəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədi Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli isə Trend -a deyib ki, beynəlxalq müşahidəçilər əsasən Həsənquliyevin hakimiyyətə gəldikdən sonra aparacağı islahatlarla maraqlanıblar.

Beynəlxalq müşahidəçilər həmçinin müxalif Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev və Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə ilə də görüşüblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti