...

Avropalı müşahidəçilər Azərbaycandakı prezident seçkisinin boykot edilməsini birmənalı qarşılamayıblar

Siyasət Materials 14 Oktyabr 2008 15:16 (UTC +04:00)
Avropalı müşahidəçilər Azərbaycandakı prezident seçkisinin boykot edilməsini birmənalı qarşılamayıblar

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidə edəcək Avropa Şurası Parlament Assambleyası, ATƏT və Avropa Parlamenti müşahidə missiyasının bu gün seçkini boykot edən müxalifət partiyalarının rəhbərləri ilə görüşündə seçkiöncəsi vəziyyət və boykot qərarı müzakirə edilib.

"Avropalı deputatlar arasında boykotu yanlış qərar hesab edənlər və düzgün anlayanlar da oldu", - bunu çərşənbə axşamı görüşdən sonra Trend -a müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Trend -un arayışı: Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf partiyası, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum prezident seçkisinin nəticələrini tanımamaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Kərimli boykotla bağlı beynəlxalq müşahidəçilər arasında fikir ayrılığının olmasını normal qarşılayıb.

"Beynəlxalq təşkilatlar hesab edirlər ki, müxalifət seçkilərdə iştirak edib, seçki prosesi haqqında daha çox məlumat toplamalıdır. Biz hesab edirik ki, indiyə qədər baş verən saxtakarlıqları üzə çıxarmışıq və bu kifayətdir. Ona görə də bu prosesdə iştirakı mənasız hesab edirik", - AXCP sədri əlavə edib.

Görüşdə iştirak edən müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər Trend -a bildirib ki, Avropadan gələn müşahidəçilər arasında buradakı vəziyyəti yaxşı bilən və əvvəllər də ölkəyə səfər edən müşahidəçilər var. "Onlar buradakı vəziyyət haqqında məlumatlı olduqlarına görə seçkini hansı səbəblərdən boykot etdiyimizi yaxşı bilirlər", - o qeyd edib.

"Müşahidəçilər arasında elələri də var ki, ilk dəfədir Azərbaycana gəlir və buradakı reallıqları bilmir. Onlar məsələlərə Avropada olduğu kimi yanaşırlar. Yalnız onlar bizim seçkiləri boykot etməyimizə təəssüflənirlər. Azərbaycanı tanıyanlar isə buna təbii yanaşırlar", - deyə Müsavat başqanı əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti