R.Hafizoğlu - Trend -un Yaxın Şərq və ərəb ölkələri üzrə redaksiyasının rəhbəri
Avropada 2008-ci ilin dinlərarası dialoq ili kimi elan edilməsi qərara alınıb. Dinlərarsı dialoqun baş tutması, kilsə və məscidlərin bir-birinə daha da yaxınlaşması üçün Avropa və bir sıra müsəlman
ölkələrində müxtəlif konfranslar və tədbirlər təşkil olunub. Dinlərarası dilaoq adı altında keçirilən sonuncu konfrans iyulda Madriddə Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əl-Səudun təşəbbüsü
ilə keçirilib.
Papa XVI Benedik bu konfransdan öncə, 2007-ci ildə Səudiyyə kralı ilə görüşündə bu ölkədə yaşayan bir milyona yaxın katolikin hüquqlarının qorunması və onların ibadətlərinə qoyulan
məhdudiyyətin aradan qaldırılmasını istəmişdi.
Dinlərarası dialoq təklifi ilk dəfə türkiyəli mütəfəkkir Fətullah Gülən tərəfindən gündəmə gətirildiyi zaman o, masonluqla ittiham edilmiş və bir çox müsəlman alimləri, əsasən Səudiyyə müftiləri
isə dialoqun mümkünsüzlüyü barədə bildirmişdilər.
Əslində, dinlərası dialoq dünyada dini zəmində baş verən bir çox problemlərin qarşısını almaq iqtidarına olsa da, dialoqun reallaşmasında bir şox əngəllər var. Üç səmavi dinin mənsubları da dialoqun gerçəkləşməsinə hələ tam hazır deyillər.
Papa XVI Benediktin Almaniyaya səfəri zamanı cihad və islam haqqında dedikləri islam dünyasında kəskin etiraza səbəb olmuşdu. Papa sentyabrın 12-də Bavariyanın Regensburq Universitetində çıxış edərkən "Göstərin görüm, Məhəmməd yeni nə gətirib? Onun gətirdiyi din "qılınc gücünə yaymaq" çağırışları kimi zalım və qeyri-insani şeylərdən ibarətdir", - deyə bildirmişdi.
Bu hadisə müsəlmanları o qədər qəzəbləndirmişdi ki, o zaman Türkiyənin XİN vəzifəsini yerinə yetirən Abdulla Gül rəsmi müraciət edərək Papanın Türkiyə səfərinin təxirə salınmasını istəmişdi. Buna baxmayaraq, Papanın İstanbul səfəri uğurla başa çatdı.
Papanın İstanbul səfərini şərh edən Boloniya kardınalı Kaffaranın sözləri isə islam dünyası ilə Vatikan arasında olan uçurumu bir qədər də genişləndirdi. O, dinlərarası dialoqun sadəcə yəhudilərlə mümkün olduğunu, müsəlmanlarla isə ancaq məişət və təhsil kimi mövzularda dialoqun mümkünlüyünü bildirdi.
Daha sonra Vatikan rəsmiləri Quranda cihadla bağlı bəzi ayələrin dinlərarası dialoqa mane olduğunu bildirdilər. Lakin Vatikanın irəli sürdüyü ən əsaslı iddia, xristian və yəhudilərdən fərqli olaraq
müsəlmanların vahid idarəetmə sisteminə malik olmaması ilə bağlı idi. Belə ki, Vatikana dialoqu kiminlə - sələfi Səudiyyə Ərəbistanı, şiə İranı və ya islam və demokratiyanı qismən də olsa bir arada tuta bilən Türkiyə ilə aparacağını dəqiqləşdirmək lazım idi.
Kilsənin əsaslı narazılığını aradan qaldırmaq üçün islahatlar etmək lazım idi. Bu islahatlardan ən böyüyü isə müsəlmanlar arasında vahid idarəetmə sisteminin yaradılması ilə bağlı idi. Dolayısıyla şiə və sünnilərin bir araya gəlməsi lazım idi. Bu dəfə Səudiyyə Ərəbistanı kralı ölkə tarixində ilk dəfə olaraq İran prezidenti Mahmud Əhmədinejatı 2007-ci ilin dekabrında rəsmi olaraq Həcc səfərinə dəvət etdi. Səudiyyənin məzhəblərarası dialoq layihəsi bir o qədər də uğurlu alınmasa da, daha sonra bir çox ərəb ölkələrində bu mövzuda çoxsaylı konfranslar keçirildi. Lakin bu konfransların heç biri istənilən nəticəni vermədi. Belə ki, sünni ərəb dövlətləri şiə İranının regiona daha çox təsir etmə ehtimalından və regionda "şiə ayparası"nın yaranmasından ehtiyat etdilər və "şiə ayparası"nın ( İran, İraq, Suriya, Bəhreyn və Livan) yaranması sələfi Səudiyyə üçün real təhlükə idi.
Dinlərarası dialoqun baş tutmasına mane olan amillərdən biri də bəzi müsəlmanlar arasında radikallıq meyllərinin olması və Avropada yaşayan bir çox müsəlmanların bu topluma hələ də tam olaraq inteqrasiya etməməsi ilə şərtlənir. Dialoqa mane olan əsas amil isə İraqın işğalı və İsrail-Fələstin probleminin hələ də öz həll olunmaması ilə bağlıdır.
Buş Administrasiyasının rəyinə görə, İraqda keçirilən hərbi əməliyyatlar terror əleyhinə və demokratiyanın bərqərar edilməsi üçün həyata keçirilsə də, müsəlmanlar bunu yeni xaç yürüşü kimi dəyərləndirirlər.
Fələstin probleminə gəlincə isə, İsrailin işğal olunmuş ərazilərdə qeyri-taraz siyasəti onun müsəlman dövlətlər tərəfindən tanınmamsı və bu dövlətlərdə antisemit düşüncənin vüsət alması ilə nəticələndi.
Bu gün dinlərarası dialoq bir çox problemləri həll etmək üçün real imkanlara malik olsa da, məsələnin siyasiləşməsi bu layihənin yaxın zamanda baş tutmayacağından xəbər verir.