...

Livan rəsmiləri Mişel Süleymanın Riyada, Mişel Ounun isə Tehrana səfərləri ziddiyyət təşkil etmir - ekspertlər

Siyasət Materials 14 Oktyabr 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbirlər Ü.Sadıqova, T.Cəfərov/ Livan Milli Azadlıq Hərəkatının sədri Mişel Ounun İrana və bu ölkənin prezidenti Mişel Süleymanın isə İranin rəqibi Səudiyyə Ərəbistanına səfəri ziddiyyət təşkil etmir.

"Məncə, Süleymanın və Mişel Ounun səfəri arasında hansı əlaqəni axtarmaq yersizdir. Ounun İrana səfərinin məqsədləri artiq məlumdur. Süleymanın Səudiyyə Ərəbistanına səfəri isə onun bu ölkəyə meylli olması demək deyil", - deyə Beyrut Strateji Tədqiqatlar İnstitutunun sədri Məhəmməd Nurəddin Trend -a bildirib.

Oktyabrın 13-də Livan Milli Azadlıq Hərəkatının sədri və Livan parlamentində xristian icmasının nümayəndəsi Mişel Oun İrana səfər edib. Onun səfəri ilə eyni vaxtda Livan prezidenti Mişel Süleyman da Səudiyyə Ərəbistanına səfər edib. Mişel Oun İranın Livanda dəstəklədiyi Hizbullah təşkilatının tərəfdarlarındandır. Süleyman və Mişel Oun Livanda keçirilən son prezident seçkilərində bir-biri ilə rəqabət aparıblar.

Nurəddin bildirib ki, Süleyman ayrı-ayrı dövlətlərin diktəsini yerinə yetirən Livanın yox, vahid və güclü Livanın tərəfdarıdır.

"Süleyman Səudiyyə Ərəbistanına səfəri Mişel Ounun İrana səfəri ilə bağlı deyil və bu səfər İrana qarşı səfər kimi dəyərləndirilməməlidir. Hər iki səfərdən məqsəd ölkələr arasında əlaqələrin genişləndirilməsindən ibarətdir", - deyə Nurəddin bazar ertəsi telefonla Livandan Trend - a bildirib.

Londonda fəaliyyət göstərən İran-Ərəb Tədqiqat Mərkəzinin sədri Əlirza Nurizadə də hesab edir ki, bu iki səfər arasında heç bir əlaqə yoxdur. Əslində, Süleyman ölkənin milli mənafeyi naminə Riyada səfər edib və İrana da səfəri gözlənilir.

"İran öz növbəsində artıq uzun illərdir ki, Livanda fəaliyyət göstərən siyasi qüvvələrin Tehrana səfərinə çalışır ki, bununla nüfuzunu Livanda artırmış olar. Bundan öncə sünni məzhəbli sabiq Baş nazir Ömər Kərami, Maroni xristianlarından Süleyman Kərənciye artıq İrana səfər ediblər. Əslində, İran Hizbullahdan başqa Livanda fəaliyyət göstərən digər təşkilatlarla da əlaqələr yaratmağa çalışır", - deyə Nurizadə bildirib.

O hesab edir ki, Livan rəsmiləri maliyyə yardımı almadan digər ölkələrlə müzakirələrə qoşulmurlar, ona görə də Livan rəsmilərinin İrana, yaxud digər ölkələrə səfəri mütləq müəyyən imtiyazlar güdür.

"Hazirda Livanda əksəriyyət təşkil edən "14 mart" hərakatı Səudiyyə Ərəbistani və Qərb tərəfindən, "8 mart" hərəkatı isə (Hizbullah, Milli Azadlıq Hərəkatı və s. ) Suriya tərəfindən təhlükəsizlik, İran tərəfindən isə maliyyə baxımdan himayə olunur. Süleyman Səudiyyə Ərəbistanına səfəri də Riyadın Livana göstərdiyi böyük maliyyə yardımları ilə bağlıdır. Rəsmi Riyad Beyrut bankına bir milyard dollar yatırmaqla, Küveyt və Əmirlikləri də buna təşviq etdi. Nəticədə Livanın Milli pul vahidinin dəyərinin düşməsinin qarşısı alındı", - deyə Nurizadə hesab edir.

İranlı ekspert Həsən Behiştipur da bu fikirdədir ki, Mişel Ounun İrana səfərinin Süleymanın Ərəbistana səfəri ilə heç bir bağlılığı yoxdur və yaxın gələcəkdə Süleymanın da İrana səfəri gözlənilir.

"Mişel Ounun İrana səfəri İran və Livan arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçir və səfərdə məqsəd iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin daha da genişləndirilməsindən ibarətdir", - deyə siyasi məsələlər üzrə ekspert, Əl-Aləm telekanalının sabiq rəhbəri Behiştipur bazar ertəsi elektron poçtla Trend -a bildirib.

Nurəddin bildirib ki, Livanda ümumiyyətlə iki müxtəlif istiqamətdə: ABŞ, İsrail, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq istiqamətində və bu ölkələrə müxalif olan İran və Suriya ilə əməkdaşlıq istiqamətində siyasət aparılır.

Nurəddinin fikrincə, Mişel Ounun İrana səfərinin daha bir məqsədi Livan xristianlarının vəziyyətinin müzakirəsi ilə bağlıdır.

"Livandakı daimi gərgin vəziyyət, daxili qarşıdurmalar, digər tərəfdən, İsrailin Livana təkrar hücum ehtimalları bu ölkədə yaşayan xristianların Livanı tərk etməsinə səbəb olur. 60 min livanlı xristian tərəfindən dəstəklənən Mişel Ounun İrana səfəri onların məcburi mühacirətinin qarşısını almaq məqsədi güdür", - deyə Nurəddin şərh edib.

Nurəddin bildirib ki, Mişel Oun xristianların Orta Şərqdə qalmalarının tərəfdarıdır, lakin bunun üçün xristianlarla müsəlmanlar arasında mövcud olan problemlər həll olunmalıdır. Reqionda ABŞ-ın əleyhinə olan müsəlman dövlətləri tərəflər arasında yeni qarşıdurmaların qarşısını almaq məqsədilə xristianlara daha əlverişli şəraitin yaradılmasına çalışırlar.

"Mişel Ounun İrana səfəri həmçinin müsəlmanlar və xristianlar arasında dialoqun qurulması və Livanda, eləcə də bütün Yaxın Şərqdə bu məzmunda olan problemlərin həll olunması məqsədi daşıyır", - deyə Nurəddin fikrini yekunlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti