...

Amerika Müşahidəçilər Qrupu Azərbaycandakı prezident seçkilərinin demokratik keçdiyini açıqlayıb

Siyasət Materials 16 Oktyabr 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda keçirilən prezident seçkisini müşahidə edən Amerika Müşahidəçilər Qrupu (AMQ) seçkilərin demokratik keçdiyini açıqlayıb.

"Azərbaycanda azad, şəffaf və beynəlxalq səviyyədə qəbul olunan seçkilər keçirmək üçün çox vacib işlər görülüb. Seçki günü, əvvəlki seçkilərdə olan qanun pozuntularını aradan qaldırmaq üçün qanunlara əməl olunub, prosedurlar gözlənilib", - cümə axşamı AMQ-nin Trend -a daxil olan bəyanatında qeyd olunub.

Qurumun sədri Qvenn Belkurt bildirib ki, səsvermə zamanı seçicilərin siyahıya alınması, barmağın mürəkkəbə batırılması, veb kameraların quraşdırılması, müxtəlif siyasi partiyalardan seçkilərin müşahidəsi, seçki müşahidəçilərinin dairə və məntəqələri əhatə etməsi, exitt-poll keçirilməsinə də rast gəlinib. Müşahidənin nəticələri sənədləşdirilib və AMQ müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusu ilə qarşılaşmamışdır.

Amerika Müşahidəçilər Qrupu Amerika cəmiyyətinin 40 nəfər tanınmış, nüfuzlu və olduqca təcrübəli fərdlərindən təşkil olunub. Bu qrupa keçmiş konqresmenlər, baş icraçı məmurlar, jurnalistlər, siyasi müşavirlər və Amerikanın siyasi proseslərində iştirak edən yüksək səviyyəli şəxslər daxildir.

Qrup 200-dən artıq seçki məntəqəsində olub.

Seçkilərin ilkin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 89,04 faiz.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

MSK-nın ilkin nəticələrinə əsasən, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Hacıyev 0,62 faiz səs toplayıb.

Azərbaycanda seçkini 60-a yaxın ölkədən 1233 nəfər beynəlxalq müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyası tərəfindən ən böyük missiyalar Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti