Azərbayan, Bakı, 22 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin oktyabrın 24 -nə təyin olunan iclası təxirə salınıb. "İclasın təxirə salınması oktyabrın 24 - də Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasiminin keçirilməsi ilə bağlıdır", - bu barədə çərşənbə günü Trend - a parlamentdən məlumat verilib.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib. Seçkilərin nəticələrinə əsasən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev 88.73 faiz səs qazanaraq qalib gəlib.
Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb
Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi (inauqurasiya) oktyabrın 24 - də keçiriləck.
Parlamentdən verilən məlumata görə, növbəti iclas oktyabrın 28 - də keçiriləck.
İclasın gündəliyinə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Xüsusi iqtisadi zonalar haqqında", "Arıçılıq haqqında", "Bankların sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında", "Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında", qanun layihələri və Torpaq Məcəlləsinə bəzi dəyişikliklər olunması məsələləri daxil edilib.
İclasda "Azərbaycan və Almaniya arasında texniki əməkdaşlıq haqqında", "Azərbaycan hökuməti və Fransa Respublikasının "BNP Paribas" Səhmdar Cəmiyyəti arasında "Bakı - Şamaxı - Yevlax" avtomobil yolunun (M4 - 280 km) "Muğanlı - Yevlax" hissəsinin ( 156 km) və "Yevlax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi" avtomobil yolunun (M5 - 164 km) yenidən qurulmasına dair" sazişlərin təsdiq olunması nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]