...

Yaraqlıların fəaliyyətinə baxmayaraq, Əfqanıstanın həyatında müsbət dəyişikliklər müşahidə edilir – İSAF-ın nümayəndəsi

Siyasət Materials 28 Oktyabr 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir D.İbrahimova/ Ölkədə sabitliyin tez-tez pozulmasına baxmayaraq, hazirda Əfqanıstanda həyatın müxtəlif sahələrində müsbət dəyişikliklər müşahidə edilir.

"Müvəffəqiyyətli irəliləyişlər müşahidə edilir", - İSAF-ın (International Security Assistance Force) nümayəndəsi, briqada generalı Riçard Blanşett (Richard Blanchette) elektron poçtla Trend -a bildirib.

"2003-cü ildəki doqquz faizlə müqayisədə, hazırda Əfqanıstan sakinlərinin təxminən 75 faizinin tibbi yardım almaq imkanı var; 2003-cü ildəki milyon uşaqla müqayisədə isə bu gün 6 milyon uşaq məktəbə gedir, 13 min kilometrdən çox yeni yol çəkilib, 2002-ci illə müqayisədə ÜDM 70 faiz artıb", - Blanşett bildirib.

Sosial sahədə nəailiyyətlərə baxmayaraq, ölkdə təhlükəsizlik səviyyəsi isə kifayət qədər qənaətbəxş deyil. "Taliban" hərəkatının iştirakçıları ölkədə sabitliyi pozmağa davam edirlər.

"Son bir neçə ildə Əfqanıstanın 16 əyalətində vəziyyət daha da pisləşib", - Əfqanıstan parlamentinin üzvü, İslami Birlik Partiyasının sədri Məhəmməd Mühəqqiq (Mohammad Mohaqiq) Trend -a bildirib.

"Taliblərin ölkədə sabitliyi bu dərəcədə tez-tez pozması "Taliban" hərəkatına qarşı mübarizənin düzgün olmamasından xəbər verir", - Mühəqqiq bildirib. Nuristan əyalətinin qubernatoru isə bazar günü bildirib ki, Taliblərin dəstələri Vama şəhərinə hücum edib, onu talayıblar.

Blanşett belə vəziyyətin üç səbəbini göstərir.

Üsyançılar çox sayda daha kiçik asimmetrik hücumlar həyata keçirirlər, artıq əldəqayırma partlayıcı qurğuların sayı 50 faiz artıb.

Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələri və İSAF-ın silahlı qüvvələri güclənir və fəaliyyət sahələrini genişləndirirlər. Bu isə öz növbəsində taliblərin fəallığının artmasına gətirib çıxarır.

Üsyançılar Pakistan və Əfqanıstan arasındakı sərhədi sərbəst şəkildə keçə bilirlər.

"Yanlış strategiya koalisiya qüvvələrinə taliblərə üstün gəlməyə imkan vermir", - Mühəqqiq hesab edir.

Böyük Britaniyanın müdafiə naziri "Sunday Times" qəzetinə müsahibədə bildirib ki, yaxın vaxtlarda taliblərə qalib gəlməyin mümkün olacağına əmin deyil."Böyük Britaniya qoşunları taliblər üzərində tam qələbəyədək Əfqanıstanda qalacaq", - o bildirib.

Hazırda, xarici qoşunlarla yanaşı, fəal surətdə yerli silahlı qüvvələrin - Əfqanıstan Milli Ordusu, Əfqanıstan Milli Polisi və sərhəd dəstələrinin formalaşdırılması prosesi gedir.

"2012-ci ildə hərbçilərin sayını 122 min nəfərə çatdırmaq planlaşdırılır", - Blanşett bildirib. "İSAF-ın qüvvələri yerli silahlı qüvvələrə dəstək göstərsələr də, əməliyyatların əksəriyyəti əfqanlar tərəfindən aparılır", - o qeyd edib.

"Biz Əfqanıstan silahlı qüvvələrinin dövlətin təhlükəsizliyini tam təmin etmək iqtidarında olacağı tarixi hələ ki dəqiq deyə bilmərik", - Blanşett bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]  

Xəbər lenti

Xəbər lenti