Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanda yeni yaranacaq müxalifət partiyasının sədri postuna tanınmış elm adamının namizədliyi irəli sürüləcək.
"Partiyanın yaranmasının təşəbbüsçüsü özüm olsam da, sədr vəzifəsinə Azərbaycan ictimaiyyəti arasında kifayət qədər tanınan bir alimin seçilməsini istəyirəm",- cümə axşamı Trend -a "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
Trend - un arayışı Aydın Quliyev 1992-1998-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. 1998 - ci ildə YAP-dan istefa verib, müxalifəti təmsil edən Azərbaycan Demokrat Partiyasına keçib və təşkilatın ideoloji katibi olub. 2007- ci ildə ADP sıralarından gedib. Quliyev bundan sonra yeni siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış edib.
Onun sözlərinə görə, hazırda yeni yaranacaq partiyanın Təşkilat Komitəsinin üzvlərinin elan olunmasına hazırlıq gedir. Quliyev partiya sədrliyinə namizədin adını açıqlamaqdan imtina edib.
"Təşkilat Komitəsində təmsil olunacaq 11 nəfərin adı müəyyənləşdirilsə də, onların adları ictimaiyyətə açıqlanmayıb. Biz həmin siyahını dekabrın birinci yarısında ictiamiyyətə təqdim etmək niyyətindəiyk", - Quliyev deyib.
"Bakı xəbər" qəzetinin baş yazarı mətbuatdan birdəfəlik getməsi məsələsinin də yeni partiyada tutacağı vəzifədən asılı olacağını bildirib. "Partiyada tutacağım vəzifə jurnalistlik fəaliyyətimə mane olacaqsa, qəzetin rəhbərliyindən gedəcəyəm", - yeni yaranacaq partiyanın təşəbbüs qrupunun üzvü vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]