...

Azərbaycan çempionatlarında ilk qolun müəllifi olmuş futbolçunun narkoman olduğu müəyyənləşib

Siyasət Materials 4 Noyabr 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend , müxbir K.Zərbalıyeva/ Futbol üzrə Azərbaycan çempionatları tarixində ilk qolun müəllifi olan keçmiş futbolçu - Mehman Alışanov narkotika alverində təqsirli bilinərək həbs olunub.

Xətai Rayon Polis İdarəsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Alışanov noyabrın 3-də şübhəli şəxs qismində 31-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb. Onun üstünə baxış zamanı 82 qramdan artıq heroin aşkar edilərək götürülüb. Keçmiş futbolçunun yanında olan Nəbi Bayramovun üzərindən isə 84 qramdan artıq heroin götürülüb.

Rəsmi məlumata görə, onlar narkotikanı satmaq məqsədi ilə əldə ediblər. Hər iki şəxs barəsində həbs qəti imkan tədbiri seçilib və barələrində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələrin əldə etmə, saxlama, daşıma, göndərmə, hazırlama və ya satma (234.4.1) maddəsi ilə cinayət işi açılıb.

Alışanov və Bayramov Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılırlar.

Ekspertiza keçmiş futbolçunun narkotik vasitələrdən asılılığı barədə rəy verib.

Alışanov 1992-ci ildən keçirilməyə başlayan futbol üzrə Azərbaycan çempionatında ilk qolun müəllifi kimi tarixə düşüb. O, uzun illər Mingəçevirin "Kür-Nur" və "Energetik" klublarında çıxış edib.

Alışanov futbolçu karyerasını bu ilin may ayında - 41 yaşında başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti