...

Azərbaycanlı mühacirlərin Rusiyadan kütləvi axınından danışmaq tezdir – RF Dövlət Dumasının deputatı

Siyasət Materials 6 Noyabr 2008 20:52 (UTC +04:00)
Azərbaycanlı mühacirlərin Rusiyadan kütləvi axınından danışmaq tezdir – RF Dövlət Dumasının deputatı

Rusiya, Moskva, 06 noyabr/ Trend , müxbir R.Ağayev/ Azərbaycanlı mühacirlərin Azərbaycana qayıtmasında bəzi hallar müşahidə olunsa da, Azərbaycandan Rusiyaya mühacirətin kütləvi azalması barədə danışmaq hələ tezdir. - RF Dövlət Dumasının deputatı, DD-nin Təhlükəsizlik Komitəsi sədrinin  müavini Gennadi Qudkov Moskvada keçirilən mətbuat konfransında Trend - un Moskvadakı xüsusi müxbirinin sualını cavablandırarkən bildirib.

Parlamentarinin rəyinə görə, belə tendensiyalar Azərbaycanın iqtisadi baxımdan çiçəklənməsi, ölkədə müşahidə edilən real iqtisadi möcüzə ilə bağlıdır. Lakin istənilən halda, əhali iqtisadi rifahın sabitliyi və uzunmüddətliliyinə inanmalıdır və yalnız bundan sonra mühacirlərin geriyə kütləvi axını barədə danışmaq olar. "Azərbaycanda, həqiqətən də, nə isə bir iqtisadi fenomen müşahidə edirik. Lakin, görünür, insanlar bunun ciddi və uzunmüddətli olmasına inanmaq istəyirlər. Yalnız o zaman daim uğurlu şəkildə uyğunlaşmış və hazırda ticarət və biznes sahəsində işləyən azərbaycanlı mühacirlərin daha ciddi qayıdışından danışmaq mümkündür", - Qudkov bildirib.

Deputat əmindir ki, digər keçmiş ittifaq respublikalardan geriyə mühacirət axını müşahidə edilmir ki, bu da narahatlığa səbəb  olur. Belə ki, maliyə böhranı ilə əlaqədar iş yerlərinin azalması müşahidə edilsə də, mühacir axınları azalmır.

Deputatın sözlərinə görə, Rusiyada rəsmi olaraq təxminən 12 mln. - ölkə əhalisinin təxminən 10 faizi qədər mühacir qeydiyyata alınıb ki, bu da ciddi rəqəmdir və RF-ni dünyada ABŞ-dan sonra ikinci yerə çıxarır. Qudkov bildirib ki, müxtəlif hesablamalara əsasən, Rusiyadakı qeyri - qanuni mühacirlərin sayı 2,5-dən 5 mln. nəfərədəkdir. Onların əksəriyyəti SSRİ-nin dağılması ilə əlaqədar ölkələrində yaranmış iqtisadi çətinliklərlə bağlı qazanc məqsədilə Rusiyaya gələn normal insanlardır. "Mühacir Rusiyadakı əməyi ilə RF iqtisadiyyatının çox sayda sahəsini - tikinti, nəqliyyat və digər sahələri doldurur. Lakin Rusiya qanunvericiliyinin mühacirət sahəsində tənzimləməsinin kifayət səviyyədə olmaması onların sıralarında kriminal mühitin inkişafına da şərait yaradır", - rusiyalı parlamentari əlavə edib.

RF DD-nin deputatı əmindir ki, maliyyə böhranı ilə əlaqədar, o cümlədən mühacir mühitindəki kriminogen vəziyyət kəskinləşəcək. Bununla əlaqədar olaraq, hüquq-mühafizə orqanları daha fəal işləməli və xüsusilə də çox sayda ağır cinayətin səbəbi olan narkotiklərin qarşısını almalıdırlar. Qudkov güman edir ki, maliyyə böhranı ilə əlaqədar kriminal vəziyyətin pisləşməsi Rusiyada dini ekstremizmin artmasına və cəmiyyətdə radikal əhval-ruhiyyəyə də gətirə bilər. "Milyonlarla insan - mühacir - artıq işini itirib. Məsələn, mərkəzi Rusiyada tikinti templərinin 30 faiz azalması artıq müvafiq sayda iş yerinin ixtisarına səbəb olub", - o bildirib.

Deputatın rəyinə görə, hakimiyyət FMX-in (Federal Miqrasiya Xidməti) dəstəyi ilə mühacirət amnistiyası keçirməli və bəzi mühacir qruplarının arasında qeyri - qanuni mühacirlərin aşkar edilməsi məqsədilə, onlar üçün miqrasiya prosedurlarını xeyli sadələşdirməlidir. "Bundan əlavə, Rusiyada və digər dünya ölkələrində deportasiya məsələsi tam həll edilməyib. Qanunvericilikdə müvafiq mexanizm var, lakin bunun üçün xeyli maliyyə ehtiyatı lazımdır. Kəskin vəsait çatışmazlığı ilə əlaqədar, hətta mühacir mühitindən olan hüquq pozucularının saxlanılması şəraiti çox da yaxşı deyil", - Qudkov bildirib.

Xəbər lenti

Xəbər lenti