Azərbaycan, Bakı, 10 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bakutel -2008 XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfizadəni qəbul edib.
Lütfizadə Bakıya səfərindən və prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirib. İlk dəfə 1965 - ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırladan alim budəfəki səfərin onda böyük təəssürat yaratdığını söyləyib.
O, ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğulayıb. Lütfizadə əldə olunan bütün bu nailiyyətləri İlham Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi dəyərləndirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan hazırkı imkanlarından istifadə etməklə, elmin, təhsilin və mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirməyi, ən müasir texnologiyaların tətbiqini qarşıya məqsəd qoyub.
Prezident deyib ki, indi ölkə üçün başlıca prioritet məsələ qeyri - neft sektorunun inkişaf etdirilməsidir. Bakutel - 2008 XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən danışan dövlət başçısı informasiya texnologiyaları sahəsində ölkəmizin dünyanın qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycanın yaxın gələcəkdə bu sahədə regionun mərkəzinə çevrilməsi üçün yaxşı imkanlarının olduğunu vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]