Gürcüstan, Tbilisi, 11 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ NATO - nun Regional Təhlükəsizlik və Əməkdaşlıq Departamentinin təmsilçiləri Gürcüstanın müdafiə sahəsindəki vəziyyətlə maraqlanırlar. Ölkənin Müdaifə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyəti Gürcüstana üçgünlük səfərdədir.
Bugün onlar Müdaifə Nazirliyində və birləşmiş qərargahda görüşlər keçiriblər. Qonaqları müdafiə naziri Giorgi Muçaidze, birləşmiş qərargah rəhbərinin müavini, briqada generalı David Nairaşvili, strateji planlaşdırma və hərbi siyasət departamentinin rəhbəri mayor Lela Çikovani qəbul edib.
NATO-nun nümayəndə heyətinə Alyansın Regional Təhlükəsizlik və Əməkdaşlıq Departamenti rəhbərinin müavini general Pavel Adam başçılıq edir.
Görüşdə Gürcüstan Silahlı Qüvvələrində aparılan islahatlar və mövcud problemlər müzakirə olunub. Təhsil sahəsində əməkdaşlıqla bağlı gələcək planlar ətrafında fikir mübadiləsi də aparılıb.
Gürcü tərəfi qonaqları avqust hadisələri barədə məlumatlandırıb.
Bu gün general Adam NATO İnformasiya Mərkəzini ziyarət edəcək. Sabah qonaqlar Milli Müdafiə Akademiyasında və Krtsanisski təlim mərkəzində olacaqlar.
Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]