Türkiyə, Ankara, 18 noyabr / Trend , / Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Köksal Toptan bildirib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə türk dünyası ciddi bir boşluğu dolduracaq.
"Parlament Assambleyasının yaradılmasının türkdilli ölkələr arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyini düşünürük. Ona görə də Türkiyə Assambleyanın yaradılmasına böyük öənəm verir", - çərşənbə axşamı Trend - a Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan bildirib.
Trend - un arayışı: Fevralın 20 - 21 - də Antalyada Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısı keçirilib. Toplantıda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Türkmənistan və Özbəkistan nümayəndələri toplantıda iştirak etməyiblər.
Noyabrın 21-22 - də İstanbulda türkdilli ölkələrin parlament sədrlərinin görüşü keçiriləcək. Görüşdə Parlament Assambleyasının yaradılması məsələsi müzakirə olunacaq və saziş imzalanacaq. Azərbaycan parlamentinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti toplantıda iştirak edəcək.
Toptan deyib ki, Parlament Assambleyasının yaradılması ilə bağlı İstanbulda keçiriləcək toplantıda Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızıstan və Türkmənistan nümayəndə heyətləri iştirak edəcək. "Özbəkistan hələlik bu təşəbbüsə qoşulmayıb. Özbək qardaşlarımız, düşünürəm ki, daha sonrakı mərhələlərdə bu təşəbbüsə qoşularlar", - parlament sədri deyib.
Onun fikrincə, beynəlxalq və regional səviyyədə bir çox Parlament Assambleyaları fəaliyyət göstərdiyi halda, türkdilli dövlətlərin belə bir qurumunun olmaması doğru deyil.
"İlkin hazırlıqlar parlamentlələrin baş katibləri səviyyəsində başa çatdırılıb. İstanbulda keçiriləcək görüş parlament sədrlərinin iştirakı ilə ilk mühüm addım atılacaq", - Toptan bildirib.
Toptan deyib ki, İstanbul toplantısında Parlament Assambleyasının genişlənməsi imkanları, daha sonrakı toplantılara müşahidəçi statusu ilə daha kimlərin dəvət edilə biləcəyi məsələləri müzakirə olunacaq.
"Çünki türkdilli dövlətlərdən başqa, dünyanın müxtəlif ölkələrinin parlamentlərində türkdilli xalqların nümayəndələri var. Bəlkə gələcəkdə onları da müşahidəçi statusu ilə toplantılara dəvət etmək olar", - deyə o əlavə edib.
Spikerin sözlərinə görə, Parlament Assamleyasının qərarları üzv ölkələr üçün tövsiyə xarakteri daşıyacaq. O vurğulayıb ki, quruma üzv olan ölkələri maraqlandıran ümumi məsələlərdə birgə hərəkət etməklə bağlı bəzi qərarların qəbuluna çalışacaqlar.
"Parlamentlərimizi daha da yaxınlaşdırmağa, əlaqələri daha da inkişaf etdirməyə çalışacağıq. Bu çərçivədə başqa hansı istiqamətlərdə birgə əməkdaşlıq edə biləcəyimizi vaxtaşırı müzakirə edəcəyik".
Türkiyə parlamenti sədrinin sözlərinə görə, ilk toplantıya hər ölkədən 10 parlament üzvü dəvət edilib. Ancaq gələcəkdə Parlament Assambleyasında üzv ölkələrin hansı prinsiplə təmsil edilməsi məsələsi ilk iclasda həll ediləcək. "Gündəlikdə duran digər məsələlər maliyyə, Parlament Assambleyanın daimi katibliyinin yaradılmaması ilə bağlıdır. Bu məsələlərdən heç biri ilə bağlı Türkiyə hər hansı təklifdə təkid etmir. Digər ölkələrin parlament başçılarının təkliflərini müzakirə etməyə hazırıq. Bizim üçün mühüm olan Assambleyanın yaradılmasıdır", - deyə Toptan bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]