Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir Ü.Sadıqova/ Barak Obama Vaşinqton və Bağdad arasında təhlükəsizlik haqqında sazişin əleyhinə çıxış etməyəcək, belə ki, bu ona Amerika qoşunlarının İraqdan çıxarılması prosesini uzatmağa imkan verəcək.
"Prezident səlahiyyətlərinin icrasına başlamaqla, Obamaya qoşunların İraqdan çıxarılması və ya sayının azaldılması haqqında qərar qəbul etmək çətin olacaq. Bununla əlaqədar olaraq, bu saziş onun Bağdadla gələcək müzakirələr planlarını yüngülləşdirəcək", - Amerikanın Miçiqan Universitetinin Yaxın Şərq və Şimali Afrika Araşdırmaları Mərkəzinin direktoru Antoni Sallivan (Anthony Sullivan) telefonla Trend -a bildirib.
İraq parlamenti bazar ertəsi Vaşinqton və Bağdad arasında təhlükəsizlik haqqında sazişin taleyini həll edəcək sənədin nəzərdən keçirilməsinə başlayıb. Bunadək ölkənin Baş naziri Əl-Maliki bu sənədi təsdiqləyib.
Mayda Corc Buş administrasiyası Nuri Əl-Maliki hökumətinə amerikalıların üç il ərzində İraqdan tam şəkildə çıxarılmasını nəzərdə tutan təhlükəsizlik haqqında müqavilə bağlamağı təklif edib. Bu vaxt ərzində iraqlı məmurlar vahid milli hökumət, həmçinin, daxili təhlükəsilik orqanlarını formalaşdırmalıdırlar. Saziş qüvvədə olduğu müddətdə isə, amerikalılar İraqın şəhərlərində təhlükəsizliyə nəzarət edəcəklər.
ABŞ-ın İraqa qarşı strategiyası və neftdən fayda yeni demokrat prezidentin gəlişi ilə də ABŞ-ın mövqeyini dəyişməyəcək, - İraq parlamentinin deputatı Fevzi Əkrəmoğlu hesab edir. O ümid edir ki, Obama Vaşinqtonun beynəlxalq normalara riayət etməsini sübut edəcək və ABŞ qoşunlarını çıxaracaq. Bu, milli hökumət formalaşdırmağa kömək edəcək.
"Ümid edirik ki, Obama sözünün üstündə duracaq, təhlükəsizlik haqqında saziş bunun üçün maneə olmamalıdır", - Əkrəmoğlu Bağdaddan telefonla Trend -a bildirib.
Bu sənəd, əsasən, İraqın təhlükəsizlik orqanlarına və sərhədlərin mühafizəsinə toxunacaq, Bağdad üç il ərzində Amerikanın təhlükəsizlik qüvvələrinin yardımı ilə milli hökumət yarada biləcək, - iraqlı deputat bildirib.
Saziş Buşun İraqdakı siyasətində sonuncu nöqtədir. Faktiki olaraq, bundan sonra yeni administrasiya İraqdakı qoşunlarla nə etmək barədə çox düşünməyəcək.
Seçkiqabağı kampaniya zamanı Barak Obama qoşunların 16 ay ərzində çıxarılması və Amerikanın İraqdakı hərbi kampaniyasının başa çatdırılması haqqında danışırdı.
Lakin Obama qoşunları necə çıxarmağa hazırlaşdığını dəqiqləşdirməyib: briqadalarla çıxarılacaq və ya onları sıralarında amerikalıların da olduğu sülhməramlı qoşunlara verəcək? - Sallivan bildirib.
Onun rəyinə görə, Obama ABŞ prezidenti səlahiyyətlərinin icrasına başlayana və ABŞ-ın xarici siyasətinin yeni siyasi proqramını qəbul edənədək ən azı iki il vaxt ötəcək. Və sazişin üçillik müddəti Obamanın Amerikanın İraqdakı iştirakının dayandırılması haqqında planları ilə üst-üstə düşəcək, - amerikalı ekspert hesab edir.
"Gedərkən Buş Obamanın İraq hökuməti ilə münasibətlərini yüngülləşdirir. O, İraq hökuməti ilə ABŞ qoşunlarıyla bağlı əlavə müzakirələr aparmalı olmayacaq; Bağdad artıq "Buş" sazişinin bütün bəndlərini təqdir edib", - Sallivan hesab edir.
İraqdakı qeyri - sabitlik və Əl - Maliki hökumətinin müxalifət qruplaşmalarına qarşı mübarizədə acizliyi Bağdadı İraq şəhərlərinə nəzarəti Amerika qüvvələrinə verməyə məcbur edir. Beşillik müharibədən sonra İraqın hərbi ehtiyatları tamamilə tükənib, HHQ isə Pentaqonun əlindədir. Bu sazişlə İraq ərazisini qonşu dövlətlərə hücum üçün Amerika qoşunlarına verməmək hüququnu özündə saxlayır.
Prezident Obama ilk vaxtlar, xüsusilə də Yaxın Şərq siyasəti sahəsində köhnə siyasətçilərin rəyinə qulaq asmalıdır.
"Obama rekord vura və qoşunları İraq və Əfqanıstandan eyni zamanda belə qısa vaxt ərzində çıxara bilməycək", - Durxam Yaxın Şərq Universitetinin analitiki Kristofer Devidson Londondan telefonla Trend -a bildirib.
16 ay ərzində ABŞ - ın xarici siyasətinin üç iri proqramını - İraq və Əfqanıstandakı hərbi kampaniyalar və Quantanamo həbsxanasını ixtisar etmək mümkün deyil. Devidsonun rəyinə görə, bununla əlaqədar olaraq, Ağ Evin yeni rəhbəri ilk vaxtlarda Amerika qüvvələrinin münaqişə zonalarında iştirak müddətini uzatmağa can atan "Buş" hərbçilərinin təcrübəsindən istifadə edəcək, - britaniyalı ekspert əlavə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]