Azərbaycan, Bakı, 19 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü
Bakının Şüvəlan qəsəbəsində " Şüvəlan Park" ticarət mərkəzinin açılış mərasimində iştirak edib.
Prezidentə məlumat verilib ki, "Paşa İnşaat" şirkəti tərəfindən tikilmiş və ümumi ərazisi 15 min kvadratmetr olan mərkəzdə 32 mağaza yerləşir. Bakının mərkəzində fəaliyyət göstərən tanınmış firmalar da bu qəsəbədə filiallarını açıblar. Ticarət mərkəzində əsasən xarici ölkələrin tanınmış firmalarının istehsalı olan mallar satılacaq.
Mərkəzdə işlə təmin olunacaq 230 nəfərin 90 faizini yerli sakinlər təşkil edəcək. Burada müştərilərə həm də bank, telefon, turizm xidmətləri təqdim olunacaq, aptek, yeməkxanalar, uşaq əyləncə mərkəzi, biznes-klub və s. fəaliyyət göstərəcək. Mərkəzdə yeraltı qaraj da tikilib.
Prezident mərkəzin ayrı-ayrı sahələrini gəzib, paytaxtın ətraf qəsəbələrində bu cür ticarət obyektlərinin olmasını yüksək qiymətləndirib, müasir standartlara cavab verən mərkəzdə insanların rahat, mədəni şəraitdə işləməsi üçün yaradılmış şəraitdən razılığını bildirib.