Azərbaycan, Bakı, 24 noyabr / Trend / Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və ISESCO - nun xoşməramlı səfiri, milli məclisin deputatı Mehriban xanım Əliyeva görkəmli Azərbaycan rəssamı Tahir Salahov ilə görüşüb.
Görkəmli rəssamı Heydər Əliyev Fondunda səmimiyyətlə qarşılayan Mehriban xanım Əliyeva onu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edib.
Tahir Salahovun Azərbaycan incəsənətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətlərini xüsusi vurğulayan Heydər Əliyev Fondunun prezidenti bildirib ki, dünya şöhrətli rəssam Azərbaycan xalqının fəxridir.
Xoş sözlərə və səmimi münasibətə görə dərin minnətdarlığını bildirən Tahir Salahov qeyd edib ki, doğma Vətənində yubileyinin qeyd olunması sənətinə verilən böyük qiymətin göstəricisidir.
80 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan təsirləndiyini bildirən Tahir Salahov diqqət və qayğıya görə dövlətimizin başçısına, habelə Azərbaycan mədəniyyətinin təbliği və inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bir daha təşəkkür edib.
Mehriban xanım Əliyeva Tahir Salahova Heydər Əliyev Fondunun fəaliyyəti haqqında kitab və "Qarabağ xanəndələri" musiqi albomunu hədiyyə edib.
Məqalə müəllifi ilə əlaqə : [email protected]