...

AŞ PA -nın Daimi Komitəsi Azərbaycandakı prezident seçkisinin demokratik keçirildiyini bəyan edib – qurumun vitse -prezidenti

Siyasət Materials 28 Noyabr 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda keçirilən prezident seçkisi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında müzakirə olunmayacaq.

"Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsi Azərbaycanda keçirilən prezident seçkilərini geniş müzakirə etdi və Müşahidə Missiyasının hazırladığı məruzə qəbul olundu", - bu barədə cümə günü Daimi Komitənin iclasından sonra Madriddən Trend - a telefonla AŞPA - nın vitse - prezidenti, Azərbaycanın qurumdakı daimi numayəndə heyətinin rəhbəri  Səməd Seyidov bildirib.

Trend - un arayışı: Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Seçkinin nəticələrinə əsasən, hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 88,73 faiz səs toplayaraq prezident seçilib.

İqbal Ağazadə 2, 86 faiz, Fazil Qəzənfəroğlu 2,4 faiz, Qüdrət Həsənquliyev 2,28 faiz, Qulamhüseyn Əlibəyli 2,23 faiz, Fuad Əliyev 0,78 faiz, Hafiz Haçıyev 0,65 faiz səs toplayıb.

AŞPA - nın yanvarın ikinci ongünlüyündə Strasburqda keçiriləcək qış sessiyasında Azərbaycanda prezident seçkisinin nəticələrinin müzakirəsi planlaşdırılırıb.

Seyidov qeyd edib ki, prezident seçkilərini izləyən AŞPA Müşahidə Missiyasının hazırladığı yekun məruzə Daimi Komitənin iclasında geniş müzakirə olunub.

"Məruzə çox müsbət məqamları əks etdirir. Amma sənədin bəzi məqamları bizi heç bir halda qane edə bilməz və Azərbaycan tərəfi həmin fikirlərlə razılaşmır".

Onun sözlərinə görə, AŞPA prezidenti Luis Maria de Puç müzakirələrdə bildirib ki, Azərbaycan xalqı öz iradəsini açıq, sərbəst ifadə edərək prezidentini seçib. AŞ PA prezidenti deyib ki, bu fikirləri yekun məruzədə yazırıqsa, deməli, prezident seçkisi Avropa Şurasının prinsipləri və demokratik standartlara uyğun formada keçirilib.

"Daimi Komitənin iclasında çıxış edənlər prezident seçkisinin azad, demokratik və yüksək səviyyədə keçirildiyini vurğuladılar", - deyə Seyidov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti