...

Azərbaycan və Türkmənistan prioritetləri konkretləşdiriblər – Trend Capital-ın icmalçısı

Siyasət Materials 28 Noyabr 2008 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir S.Əliyev/ Azərbaycan və Türkmənistan enerji ehtiyatlarının dünya bazarlarına tədarükünün diversifikasiyası məsələlərinə sadiqlik niyyətlərini təsdiqləyiblər. Cümə günü Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində, Bakı və Aşqabad arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu gün Azərbaycan regionda enerji ehtiyatlarının nəqli marşrutlarının diversifikasiyası məsələsində lider ölkədir. Respublikanın enerji daşıyıcılarının ixracının həyata keçirildiyi yeddi qaz - neft kəməri var. Hər il öz ərazisində karbohidrogenlərin hasilatını artıran Türkmənistan da karbohidrogenlərin və ilk növbədə, qazın nəqli marşrutlarının diversifikasiyasında maraqlıdır. Bu məsələdə Avropa türkmən qazının ehtiyatlarına böyük ümidlər bəsləyir.   Avropa İttifaqı Rusiya yanacağından asılılığını azaltmaq üçün türkmən qazının Azərbaycan və Türkiyə ərazisi ilə nəqlinə nail olmaq niyyətindədir. Layihənin realizəsi üçün Türkmənistanı və artıq qazın Türkiyəyə nəqli üzrə zəruri infrastrukturu olan (Cənubi Qafqaz qaz kəməri - SCP) Azərbaycanı birləşdirəcək TransXəzər qaz kəmərinin çəkilməsi lazımdır.

İlin ortasında Türkmənistan Avropa İttifaqı üçün ildə 10 mlrd. kubmetr qazın tədarükünə hazır olduğunu bildirib. Avropa İttifaqı türkmən qazının Avropa ölkələrinə çatdırılmasının üç mümkün variantını görür (bütün  marşrutlar yanacağın Azərbaycan vasitəsilə tranzitini nəzərdə tutur): - birinci variant qazın Bakı yaxınlığından öz başlanğıcını götürən SCP qaz nəqli sistemi üzrə sonrakı tədarükü ilə Türkmənistan və Azərbaycanın dəniz obyektləri arasında 60 kilometrlik boru kəmərinin çəkilməsini nəzərdə tutur. Çox ehtimal ki, bu marşrut Türkmənistanın obyektlərinin Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz yatağının infrastrukturu ilə birləşdirilməsini nəzərdə tutur. Bu yataq xarici şirkətlər Konsorsiumu (texniki operator BP, kommersiya operatoru - Statoil) tərəfindən işlənilir. "Şahdəniz" yatağı mövcud boru kəmərləri vasitəsilə qazın Türkiyə və Gürcüstana nəql edildiyi SCP kəmərinin başladığı Səngəçal terminalı ilə birləşir.

Cənubi Qafqaz qaz kəmərinin illik 20 mlrd. kubmetr ötürmə gücü var. Avropa ölkələri tərəfindən SCP "Nabukko" qaz kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirilir və Aİ ölkələrinin qazla təmin edilməsində vacib rol oynamalıdır.

- ikinci variant, sonradan Azərbaycan vasitəsilə Avropaya maşruta qoşulmaqla, Türkmənistanın qaz yataqlarının Qazaxıstanın qurudakı obyektləri ilə birləşdirilməsidir. Layihə TransXəzər qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Sualtı qaz kəmərinin ilkin dəyəri 12 mlrd. dollardan çox, ötürmə gücü ildə 22 mlrd. kubmetrədək ola bilər. Bu boru kəmərinin çəkilməsinin texniki şərtləri "Mavi axın" (Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə) boru kəmərinin çəkilməsindən daha faydalıdır. Bu, Xəzərin daha az dərinliyi və Qara dənizlə müqayisədə, daha əlverişli təbii mühitlə izah olunur.

- üçüncü variant qazın mayeləşdirilməsi və Xəzər vasitəsilə tankerlərlə nəqlidir. Bu layihənin realizəsi üçün xeyli infrastrukturun və eləcə də, LPG - nin nəqli üçün hazırda Xəzərdə olmayan xüsusi tanker donanmasının yaradılması lazımdır. Bundan başqa, sahildə mayeləşdirilmiş qazın saxlanılması üçün obyektlərin tikintisi, mayeləşdirilmiş qazın Gürcüstanın Qara dəniz sahili və ya Türkiyəyə nəqli üçün (Bakı -Tbilisi - Qars dəmir yolu əlaqəsi layihəsi çərçivəsində) dəmir yolunun və onun nəqliyyat parkının müasirləşdirilməsinə zərurət peyda olur.

Azərbaycanın BMT tərəfindən transmilli boru kəmərlərinin təhlükəsizliyinə zəmanət alınmasının zərurliyi barədə Türkmənistanın təşəbbüsünü dəstəkləməsi faktı keçirilmiş Azərbaycan -Türkmənistan danışıqlarında mühüm amil ola bilər. Aşqabad bu təşəbbüsü Nyu -Yorkda BMT Baş Assambleyasının 63 - cü sessiyasında irəli sürüb.

Türkmənistanın rəyinə görə, "Beynəlxalq boru kəmərlərinin təhlükəsizlik zəmanətləri haqqında" Konvensiyanın qəbulu, BMT-yə transkontinental boru kəmərlərinin çəkilməsinin, xammalın dövlətlərarası magistral boru kəmərləri ilə təhlükəsizlik və maneəsiz tranzinin siyasi-hüquqi qarantı kimi çıxış etmək imkanı verəcək.

Türkmənistan üçün bu Konvensiya  6-7 mlrd. dollar qiymətləndirilmiş və Əfqanıstandan keçməli olan Türkmənistan - Pakistan - Hindistan qaz kəmərinin çəkilməsi layihəsinin fonunda vacibdir.  

Enerji sahəsində əməkdaşlığın genişlənməsi birgə hasilat layihələrinin realizəsinə əhəmiyyətli təkan verə bilər. Bu, ilk növbədə, Azərbaycan neftçilərinin sovetlər dövründə açdıqları "Kəpəz" (türkmən adı Sərdar) sərhəd strukturunun işlənilməsinə toxuna bilər. Bu yataqda iş zamanı karbohidrogenlərin quruya nəqli və sonrakı ixracı üçün Azərbaycanda mövcud olan infrastrukturdan istifadə ilə birgə işlənilmə həyata keçirilə bilər.

Bu gün tərəflər energetikada əməkdaşlıqdan başqa, nəqliyyat sahəsində də - xüsusilə də Bakı və Türkmənbaşı limanlarından birbaşa dəmir yolu - bərə əlaqəsinin həyata keçirilməsi və bu marşrutla vaqon və konteynerlərin nəqlində istifadə üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar. Layihə Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə) marşrutu üzrə dəmir yolu əlaqəsinin tərkib hissəsi ola bilər. Beləliklə, Türkmənistan bu marşrutla Türkiyəyə və sonra Avropaya çıxış əldə edə bilər.

Ölkələr arasında rabitə sahəsində də əməkdaşlığa böyük əhəmiyyət verilir. Hazırda Trans - Asiya- Avropa (TAA) beynəlxalq fibriooptik kabel magistralı Türkmənistan ərazisindən keçərək İranda davam edir, buradan Avropayadək uzanır. Azərbaycanlı ekspertlər hesab edirlər ki, kabelin sualtı TransXəzər seqmentinin çəkilməsi TAE magistralının marşrutunu bir neçə min kilometr azaltmağa imkan verəcək ki, bu da informasiyanın ötürülməsi trafikini xeyli sürətləndirəcək.

Azərbaycan və Türkmənistan iqtisadiyyatın bütün sahələrində və eləcə də enerji və nəqliyyat sahəsində əməkdaşlıq Asiya-TransQafqaz-Avropa dəhlizinin mövqeyini xeyli gücləndirməyə imkan verəcək. Bu, enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasının səmərəliliyini xeyli artırmağa kömək edəcək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti