...

Dünya Ahıska Türklərinin Ankarada toplantısı keçirilib

Siyasət Materials 1 Dekabr 2008 15:22 (UTC +04:00)

Qazaxıstan, Almatı, 01 dekabr/ Trend , müxbir, R.Məşədihəsənli/ Dünya Ahıska Türklərinin Ankarada toplantısı keçirilib. Bu barədə Trend müxbirinə Dünya Ahıska Türkləri Əlaqələndirmə Şurasının sədri, Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzinin rəhbəri Ziyaəddin İsmixanoğlu məlumat verib.

İsmixanoğlunun sözlərinə görə, Ankaradakı toplantıda Ahıska türklərinin vətənə qayıtmaları və müxtəlif ölkələrdə pərakəndə fəaliyyət göstərən Ahıska təşkilatlarının bir konfederasiya ətrafında birləşdirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, Qırğızıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən gəlmiş 42 federasiya, cəmiyyət, mədəniyyət mərkəzlərinin rəhbərləri və təmsilçiləri Şuranın toplantısında iştirak edib.

Uzun sürən müzakirə və təkliflərdən sonra Türkiyə hökumətinin dəstəklədiyi Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzinin rəhbəri İsmixanoğlu yekdilliklə Dünya Ahıska Türkləri Əlaqələndirmə Şurasının sədri seçilib.

İsmixanoğlunun Trend müxbirinə verdiyi məlumata görə, artıq Ankara şəhərində Ahıska Türkləri Əlaqələndirmə Şurasının mərkəzi iqamətgahı üçün ofis açılıb. Hazırda "ALTIN KÖRPÜ" dərgisi və "TÜRKEL" qəzetinin Türkiyə təmsilçisi Ayfer Aksu Şuranın əlaqələndiricisi kimi Ankarada fəaliyyətə başlayıb.

"Dünyanın müxtəlif ölkələrində yaşayan ahıskalılarla sıx təmasda olmaq məqsədilə Orta Asiya, Qafqaz -Türkiyə və Avropa-ABŞ bölgələri üzrə mərkəzlə sıx əlaqədə olan müavinlər seçiləcək", - deyə İsmixanoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti